Obamadan müdafiə nazirinə tapşırıq; ABŞ Suriyaya girir

ABŞ-ın müdafiə naziri Çak Hagel Birləşmiş Ştatlar ordusunun Suriyaya müdaxilə etmək üçün tam hazır vəziyyətdə olduğu barədə açıqlama verib.

AzNews.az-ın dünya mətbuatına istinadən məlumatına görə, nazir bildirib ki, ABŞ ordusu hərbi müdaxiləyə hazırdır. Ç.Hagelin sözlərinə görə, ABŞ prezidenti Barak Obama müdafiə nazirliyinə bütün ehtimalları nəzərə alaraq, hərbi müdaxiləyə tam hazır olmaq barədə göstəriş verib.
Nazir deyib ki, ordu bütün variantlara hazırdır və Obama hansı variantı seçərsə, ABŞ ordusu həmin seçimi həyata keçirəcək.

Bununla belə, ABŞ madafiə naziri bildirib ki, Suriyada Əsəd rejiminin müxalifələrə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair əllərində heç bir tutarlı dəlil yoxdur.

Qeyd edək ki, ötən gün yayılan məlumatlarda bildirilirdi ki, ABŞ ən geci 4 gün ərzində Suriyaya hərbi müdaxilə edəcək və Əsədə bağlı ordu birləşmələrinə aid konkret hədəfləri vuracaq. İddia edilirdi ki, 3 gün davam edəcək bu hərbi müdaxilə davamlı olmayacaq və məqsəd Bəşər Əsədi müxalifələrə qarşı şiddəti dayandırmağa məcbur etməkdir.

AzNews.az