Əli Həsənov: “Məmurun ana dilini bilməməsi onun qəbahətidir” - Yenilənib

"Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır".

"Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir məmur milli dili bilməlidirir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorunmaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: "Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır".

Prezidentin köməkçisi daha sonra bildirib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu gün o qayğını göstərir.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dili əsas dövlət atributlarından biridir: “Yəni, dil haqqında danışanda ilk növbədə unutmaq lazım deyil ki, bu dil dövlətin əsas atributlarından biridir, qanunla qorunur, dövlətin hüquqi, siyasi statusunu daşıyır. Bundan başqa, ana dilimiz azərbaycançılıq idealogiyasının da mühüm elementir, onun siyasi və sosial-mədəni dayağıdır".

O qeyd edib ki, dünyada yaşayan azərbaycanlıları bir-birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir: "Dövlət dili respublikada bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizm vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan yaradır. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.(report.az)

© AzNews.az