• Paytaxt
  • 25 İyul 2019 14:41
  •  635

“İlham Əliyev rahatlıqla “yox” deyə bilir”- Prezidentin köməkçisi

Əli Həsənov: “Elə bir ictimai rezonans doğuran hadisə yoxdur ki, dövlət başçısı ona öz prinsipial münasibətini bildirməsin”

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün KİV-də geniş məqalə ilə çıxış edib. Məqaləsində aktual ictimai-siyasi məsələlər üzərində ətraflı dayanmış Əli Həsənov Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər olan müddətdə yürütdüyü siyasətin əsas priotitetlərindən belə bəhs edib:

“2003-cü ildən sonrakı dövrdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursu dönmədən həyata keçirildi, ulu öndərin başladığı mühüm transmilli layihələrin icrası davam etdirildi, ölkəyə daxil olan xarici valyuta səmərəli şəkildə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrinin modernləşməsi və inkişafına istiqamətləndirildi, vəsaitin böyük bir qismi gələcək nəsillər üçün qorunub saxlanıldı. Bütün bu işlər, qarşıya qoyulmuş vəzifələr, qəbul olunmuş mühüm dövlət proqramları qlobal aləmdə və regionda cərəyan edən mürəkkəb geosiyasi proseslərin fonunda yerinə yetirildiyinə görə, mövcud hakimiyyətdən daha çevik və praqmatik siyasət sərgiləmək tələb olunurdu. Odur ki, son 16 ilin uğurlu nəticələri təkcə qısa zamanda Azərbaycanın qarşısında duran strateji vəzifənin yüksək peşəkarlıqla icrası ilə ölçülmür, həm də Prezident İlham Əliyevin uğurlu bir dövlət rəhbəri olaraq siyasi gücünü, qətiyyətini, prinsipiallığını nümayiş etdirir”.

Əli Həsənov yazıb:

“2003-2019-cu illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 1990-cı illərin ortalarında təməli qoyulmuş enerji layihələrini tamamladı, yeni-yeni transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi öz liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi, tərəfdaşları ilə birlikdə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsinin yaradılmasına mühüm töhfələr verdi. Bu dövrdə ölkənin sürətli və dayanıqlı inkişafı təmin edildi, iqtisadi, sosial, mədəni həyatda inqilabi dəyişikliklər baş verdi. Ən vacibi isə, bütün bu məsələlərə Azərbaycan Prezidentinin müstəqil qərar verməsi, onun hər addımında milli maraqların qorunması, ölkəyə daxil olan vəsaitlərin ilk növbədə milli inkişafa, xalqın rifahına yönəldilməsi idi.

Göründüyü kimi son 25 ildə Azərbaycanda bir tərəfdən hakimiyyətin yürütdüyü düzgün siyasət, onu idarə edən rəhbərlərin güclü iradəsi, prinsipiallığı və qətiyyəti, digər tərəfdən də komandanın peşəkarlığı irəli sürülən ən mürəkkəb planların reallığa çevrilməsini təmin etdi və ölkəni davamlı inkişaf yoluna çıxardı.

2003-cü ildə “mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən cənab İlham Əliyev keçən illər ərzində hər bir vətəndaşın probleminə xüsusi qayğı və həssaslıqla yanaşır. Xalqın problemlərini həm bütövlükdə həll edir, həm də hər bir vətəndaşa fərdi qaydada lazımi qayğı göstərir. Bu dövr ərzində ictimai maraq kəsb edən elə bir məsələ olmayıb ki, cənab Prezident ona diqqət yetirməsin, öz nəzarətinə götürüb cəmiyyətin maraqlarına uyğun həll etməsin. Elə bir ictimai rezonans doğuran hadisə yoxdur ki, dövlət başçısı ona öz prinsipial münasibətini bildirməsin. Elə bir qərar olmayıb ki, onun qəbulunda ilk növbədə dövlətin, xalqın və hər bir vətəndaşın maraqları nəzərə alınmasın.

Hazırda Azərbaycan təkcə Cənubi Qafqazın deyil, postsovet məkanının özünü tam təmin edən qüdrətli bir dövlətinə çevrilib. İndi bu dövlət həm bölgədə, həm də dünyada milli maraqlarına az və ya çox dərəcədə xələl gətirən istənilən təşəbbüsə rahatlıqla “yox” deyə bilir. Bütün bu reallıqlar ölkəmizin nümunəsində güclü lider və peşəkar komandanın necə böyük imkanlara malik olduğunu, ən mürəkkəb vəzifələri belə yerinə yetirmək iqtidarını nümayiş etdirir”.

AzNews.az