Britaniya Müdafiə nazirinin bəyanatı: Putin qaçırılmaqla təhdid olundu

Rusiyanın Ukraynaya qarşı son dərəcə ağır raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra Kiyevə səfər edən Böyük Britaniyanın müdafiə naziri Con Hili (John Healey) Rusiya Prezidenti Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərlə beynəlxalq gündəmi silkələyib. Britaniyalı nazir Putinin müharibə cinayətlərinə görə mühakimə olunması üçün “ələ keçirilməsinin (qaçırılmasının)” üstün variant olacağını bildirib.

Kiyevdən sərt mesajlar

Hücumdan cəmi bir neçə saat sonra Kiyevə gedən Con Hili raket zərbələri nəticəsində dağılan yaşayış binasına baxış keçirib. Kyiv Independent nəşrinə açıqlama verən nazir deyib:

“Əgər dünya liderini ələ keçirmək kimi bir seçimim olsaydı, Putini saxlayar və onu müharibə cinayətlərinə görə məhkəmə qarşısına çıxarardım.”

Hili vurğulayıb ki, Rusiya ordusu mülki əhalini, şəhər mərkəzlərini və kritik infrastrukturu hədəf alır və müharibə artıq qəbuledilməz həddə çatıb.

“Bu adam dayandırılmalıdır”

Britaniya müdafiə naziri çıxışında açıq şəkildə bildirib ki, müharibə dərhal dayandırılmalı, Putin isə zərərsizləşdirilməlidir. O, Londonun Ukraynaya dəstəyinin davamlı və prinsipial xarakter daşıdığını da xüsusi qeyd edib.

Zelenski ilə görüş və 200 milyon funtluq plan

Kiyev səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Con Hili Böyük Britaniyanın mümkün sülhməramlı missiya üçün hazırlıqlara başladığını açıqlayıb. Nazir bu məqsədlə 200 milyon funt sterlinq həcmində vəsaitin ayrıldığını bildirib.

Bucha və uşaq qaçırılması ittihamları

Con Hili Putinə qarşı irəli sürülən müharibə cinayətləri arasında xüsusilə Bucha qətliamını və ukraynalı uşaqların zorla Rusiyaya aparılması faktlarını xatırladıb. Nazir qeyd edib ki, məhz bu epizodlar əsasında Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Vladimir Putin barəsində tutuklama qərarı çıxarıb.

Britaniyalı nazirin Kiyevdən verdiyi bu açıqlamalar Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin mövqeyinin daha da sərtləşdiyini göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilir.

Mövsüm Novruzoğlu