Mürvət Həsənli İctimai Şura sədri kimi cəmiyyətə hansı töhfələr verə bilər? - ŞƏRH

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın 9 nəfərdən ibarət yeni seçilmiş tərkibinin ilk iclası keçirilib. İclasda “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsinin dekan müavini, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü Günel Əmiri isə Şuranın katibi vəzifəsini tutub.

Mediada yer alan xəbərlərə görə, iclasdan sonra İctimai Şura üzvləri Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib və onlara ictimai iştirakçılıq sahəsində uğurlar arzulayıb. Nazir İctimai Şura üzvlərini aqrar sektorun inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak etməyə və həyata keçirilən islahatlara ictimai dəstək göstərməyə çağırıb.

Bəs, Mürvət Həsənlinin rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında formalaşan İctimai Şura həm cəmiyyətin, həm də nazirliyinin gözləntilərini nə dərəcədə doğrulda bilər?

Bu suala cavab vermək üçün ilk növbədə Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa nəzər yetirməliyik. Qanunda yazılanları sadə dildə təqdim etsək, ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakıdır. Bu zaman dövlət və yerli özünüidarəetmə orqanları ictimaiyyətlə məsləhətləşməli və ictimai rəyi nəzərə almalıdır.

Bəli, İctimai Şuralar dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakını təmin edən mühüm mexanizmlərdən biridir. Bu Şuralar dövlət orqanları yanında yaradılmaqla, ictimai nəzarətin gücləndirilməsinə, qərarların qəbulunda şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura isə aqrar sahədə aparılan islahatların ictimai əsaslarla dəstəklənməsi, fermerlərin və istehsalçıların mövqelərinin dövlət siyasətində daha dolğun əks olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

İkinci bir nüansa da xüsusi diqqət yetirək. Artıq bir neçə ildir ki, İctimai Şuraların formalaşmasında peşəkarlara üstünlük verilir. İctimai Şura üzvlüyünə keçirilən seçkilərdə bəzi QHT təmsilçilərinin açdığı “qarğa bazarı” cəmiyyət tərəfindən pislənilib və bəlli bir sahədə zəngin bilik və təcrübəsi olanların önü açılıb.

Bu baxımdan Mürvət Həsənlinin İctimai Şuranın sədri seçilməsi təsadüfi deyil və onun peşəkar fəaliyyəti bu vəzifənin məsuliyyətinə tam cavab verir. O, uzun illərdir aqrar sektorun mühüm istiqamətlərindən biri olan quşçuluq və ərzaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkətə və bu cür şirkətləri bir assosiasiyaya rəhbərlik edir. Nəticə etibarı ilə kənd təsərrüfatı sahəsində istehsal, emal, ixrac zəncirinin real problemlərini yaxından bilir.

Mürvət Həsənlinin sahə üzrə praktiki təcrübəsi ona imkan verir ki, aqrar siyasətin yalnız nəzəri deyil, tətbiqi tərəflərinə fokuslansın. O, fermerlərin, istehsalçıların və ixracatçıların qarşılaşdığı çətinlikləri sistemli şəkildə İctimai Şuranın gündəliyinə çıxara, bu problemlərin dövlət qurumları ilə müzakirəsini təmin edə bilər. Bu isə qəbul olunan qərarların daha realist və effektiv olmasına şərait yaradır.

Bundan əlavə, Mürvət Həsənlinin assosiativ idarəetmə təcrübəsi İctimai Şuranın fəaliyyətinin institusional əsasda qurulmasına, hazırlanacaq Fəaliyyət Planının konkret hədəflər və ölçülə bilən nəticələr üzərində formalaşdırılmasına imkan verə bilər. O, müxtəlif dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın real mexanizmlərlə təmin olunmasına, Şuranın formal qurum deyil, fəal məsləhətçi platforma kimi çıxış etməsinə töhfə verə bilər.

Eyni zamanda, onun rəhbərliyi altında İctimai Şura aqrar sahədə ictimai rəyin formalaşdırılması, innovativ yanaşmaların təşviqi, ekoloji təmiz və dayanıqlı istehsal modelinin dəstəklənməsi istiqamətində də aktiv rol oynaya bilər. Bu baxımdan, media ilə kifayət qədər yaxşı münasibətləri olan Mürvət Həsənlinin İctimai Şura sədri kimi fəaliyyəti Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafına həm institusional, həm də praktiki səviyyədə mühüm töhfələr vermək potensialına malikdir.

Zeynal ABDİN