İranda "uzatma dəqiqələri" və Güney Azərbaycan məsələsi

İranda baş verən prosesləri qısaca belə dəyərləndirmək olar: oyunun əsas hissəsi bitib, uzatma dəqiqələri oynanılır. Lakin İranın qapısına vurulan qolların sayı o qədər çoxdur ki, üç-beş dəqiqə ərzində hesab arasındakı fərqi qapamaq mümkün deyil. Daha açıq söyləsək, hazırda yaşananlar nəticəni dəyişməkdən çox, onun hansı formada rəsmiləşəcəyini müəyyən edəcək formatdadır. İran rejiminin hazırkı durumu SSRİ-nin son illərini xatırladır. Tehrandakı teokrarik rejim mütləq gedəcək, ancaq necə və iqtidarı kimə ötürərək gedəcək?- sual budur.

İran bir İslam Respublikası olaraq klassik avtoritar rejimlə idarə olunur. Mollalar hər cür azadlıqları boğaraq ölkəni korrupsiya bataqlığına sürükləyib, iqtisadi sanksiyalar altında qoyub. Çağın sürətlə dəyişdiyi dünyada özünə qapanmış İranın idarəçilik anlayışı gənc nəsillərin arzularına tamamən ziddir. Bu isə rejimin klassik nəzarət alətlərini effektsizləşdirir. Güc tətbiqi rejim üçün yalnız vaxtı uzadır, lakin sosial və siyasi problemləri həll etmir. Tarixi təcrübə göstərir ki, legitimlik problem ilə üzləşmiş sistemlər üçün “uzatma dəqiqələri” xilas yolu olmur.

Hazırda nəzəri baxımdan İranla bağlı bir neçə ssenari işə düşə bilər.

Birincisi, İranın bütövlüyünü qorumaqla siyasi rejimin dəyişməsi, yəni molla rejiminin daha liberal qüvvələrlə əvəz olunması. Bu, populist yanaşmalar üçün cəlbedici görünə bilər, lakin İranın daxilindəki tarixi dinamika və real dəngələrlə üst-üstə düşmür. İran Osmanlıdan, Britaniyadan, Rusiyadan və digər orta çağ imperiyalarından fərqli olaraq, parçalanmayıb. Qacarlardan Pəhləvilərə keçən imperiya dövləti 1979-cu ildə ayətullah Xomeyninin rəhbərliyi ilə islam respublikasına çevrilib. Qacarlar dövründə Güney Azərbaycanlıların və digər türk kökənli xalqların özgürlük sevdalı liderlərinin öncüllük etdiyi məşrutə və demokratikləşmə hərəkatları ən şiddətli şəkildə boğulub və İranın islam inqilabçıları vədlərinə xilaf çıxaraq ari olmayan xalqların bütün hüquqlarını tapdalayıb.

İkinci ssenari xanədan rejiminin yenidən bərpa olunması, Pəhləvi sülaləsinin İran iqtidarını ələ keçirməsidir. Pəhləvilərin hazırda ABŞ-da yaşayan nümayəndəsi bu yöndə ciddi fəaliyyət göstərir, qlobal güclərin dəstəyini qazanmağa çalışır və media üzərindən bəyanatlar verir. Lakin onun nə özü, nə də sülaləsi İranda azadlığını gözləyən xalqlar tərəfindən ciddi qarşılanır. Əgər məqsəd çağdaşlaşmaqdırsa, orta çağ monarxiyasına dönmək İrandakı yeni nəsillər üçün cəlbedici ola bilməz. Bunu qavramaq o qədər sadə məsələdir ki, İran üzrə ekspert olmağa belə lüzum yox.

Nəhayət, üçüncü, amma zənnimizcə daha real və pozitiv ssenari İran xalqlarının öz müqəddəratını təyin etmək haqqından istifadə etməsidir. Bu isə Güney Azərbaycanın öz istiqlaliyyətinə qovuşması anlamına gəlir. Odur ki, həm Azərbaycan, həm də Türkiyə bölgədə yeni bir türk cümhuriyyətinin qurulması ssenarisinə hazır olmalıdır.

Bəli, İrandalı rejim böhranı Güney Azərbaycan milli hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir. Bu, əksər parametrlərinə görə, ötən əsrin əvvəllərində Quzey Azərbaycanda Cümhuriyyətin qurulması prosesini xatırladır. Çar Rusiyasının süquta uğraması Quzey Azərbaycan milli hərəkatını sadəcə mədəni və sosial hüquqlar əldə etmək tələbindən sürətlə uzaqlaşdıraraq milli dövlət quruculuğuna sövq etdi. Odur ki, İran mərkəzçiliyi və assimilyativ modelin davamı Güney Azərbaycanın maraqlarına ziddir.

Məsələyə böyük fotodan baxsaq, Tehran rejimini ayaqda saxlayan siyasi-ideoloji sütunlar artıq faktiki olaraq mövcud deyil. Bu sütunların hər biri zamanla aşınıb və bu gün rejimi daşımaq gücünü tamamilə itirib.

Özünü ideologiya kimi təqdim edən “irançılığ”ın çoxmillətli bir imperiyanı dərin siyasi və sosial böhrandan çıxarmağa qadir olmadığı ortadadır. Bu konsepsiya nə xalqları birləşdirə bilir, nə də gələcəyə dair inandırıcı perspektiv yaradır. Əksinə, fars şovinizminin ölkənin aborigen xalqlarına qarşı uzun illərdir apardığı aparteid siyasəti ağır sonuclar doğurub.

Bu ideoloji xəttin arxasında gizlədilən siyasi məzhəbçilik də İranı beynəlxalq miqyasda dalana dirəyib. İran bu gün təkcə Qərb dünyasından deyil, müsəlman aləmindən belə təcrid olunmuş vəziyyətdədir və bu təcrid rejimin manevr imkanlarını minimuma endirib.

İran İslam Respublikasının özünü “alternativ tərəqqi modeli” kimi təqdim etmək cəhdi də tam fiaskoya uğrayıb. Bəşəriyyətin sürətlə dəyişdiyi, süni intellekt və yeni texnologiyalar nəslinin formalaşdığı bir dövrdə, molla rejiminin qapalı idarəçilik sistemi İranda yaşayan bütün xalqları -farslar da daxil olmaqla- əsrlərlə geridə qoyub. Müasir dünyanın ritmi ilə tam ziddiyyət təşkil edən bu model İranı sözün əsl mənasında keçmişin içində dondurub.

Məhz bu ideoloji sütunlar bir-bir çökməyə başladıqca, Azərbaycan Respublikasının üçrəngli bayrağı Güney Azərbaycandakı soydaşlarımız üçün sadəcə bir dövlət rəmzi yox, azadlıq hərəkatının simvoluna çevrilir. Bu bayraq artıq milyonlarla insanın qəlbində və düşüncəsində xilas yolunu göstərən milli məfkurə kimi qəbul olunur. İrandakı sadə azərbaycanlı Azərbaycana və Türkiyəyə baxaraq düşünür: Qardaşlarım özgürdürsə, mən nədən kölə qalım?

Güney Azərbaycanlıların bu sualına zaman cavab verəcək. Fəqət zamanın bu soruya müsbət cavab verməsi üçün bir neçə şərt lazım. Tarixi təcrübə göstərir ki, Güney Azərbaycanın müstəqillik perspektivi yalnız daxili proses kimi deyil, beynəlxalq məsələ kimi formalaşmalıdır. Milli istiqlal mübarizəsi eyni vaxtda həm İran daxilində, həm də beynəlxalq müstəvidə paralel və sinxron şəkildə aparılmadıqca real nəticə əldə etmək çətindir. Dünya ictimaiyyəti açıq şəkildə bilməlidir ki, İran sərhədləri daxilində, süni şəkildə iki ostana bölünmüş və təbii coğrafi-siyasi sərhədləri daraldılmış təxminən 40 milyonluq Güney Azərbaycan əhalisi lokal mədəni hüquqlar, məhdud muxtariyyət və ya formal federativ modellər uğrunda deyil, konkret və aydın milli müstəqillik hədəfi ilə mübarizə aparır.

Bu reallığın beynəlxalq gündəmə daşınması strateji əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan və Türkiyə Respublikalarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndələri Güney Azərbaycanlıların fundamental və milli hüquqlarının tanınması məsələsini BMT platformasında qaldırmalı, onun rəsmi müzakirə predmetinə çevrilməsinə nail olmalıdır. Bu addım milli məsələnin regional çərçivədən çıxarılaraq beynəlxalq hüquq və təhlükəsizlik müstəvisinə daşınması baxımından həlledici ola bilər.

Taleh Şahsuvarlı