Sahil Babayevin və Sadiq Əliyevin görünməyən tərəfləri

Bu günlərdə çox böyük sayğı duyduğum bir hüquqşünas dostumla danışırdım. Hər zaman səmimiyyətinə inanmışam, informativ baxımdan da dedikləri hər zaman doğru çıxıb. Dedi ki, nazir Sahil Babayev Maliyyə Nazirliyini az qala sıfırdan düzənləyir və çox ciddi işlər görür. Bəli, başa düşürəm, Sahil Babayevə qarşı zaman-zaman total neqativ kampaniyalar aparılıb. Amma bunu dəfələrlə yazmışam, bir daha təkrar edirəm: bu ölkədə ən uğurlu nazirlərdən biri məhz Sahil Babayevdir.

Məhz Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki korrupsiyanı aradan maksimum qaldırdı və nəticədə Cənab Prezident ona hakimiyyət ierarxiyasında daha yüksək bir vəzifə həvalə etdi.

Sahil Babayevi tələbəlik illərindən şəxsən tanıyıram. İmkanlı bir ailənin övladıdır, amma bu imkanlardan sui-istifadə etməyən, son dərəcə savadlı, vətənpərvər, sözün həqiqi mənasında görüb-götürmüş, ədəbli bir insandır. Bu cür qabiliyyətli insanların öz çevrəsində savadlı, ədəbli, vətənpərvər insanları görmək istəməsi olduqca təbiidir.

Dövlət Məşğulluq Xidmətinin rəhbəri Sadiq Əliyev hər cür reklamdan qaçan, təvazökarlıq hissi yüksək bir məmurdur. İnanın, bu status onu son dərəcə rahatsız edəcək, çünki doğuşdan gələn bir təvazökarlığı var. Amma istəyirəm biləsiniz, DXA-nin yeni rəhbəri iqtisadiyyat üzrə bu ölkənin ən ciddi kadrlarından biridir. Fürsətdən istifadə edib, UNEC rektoru, xalqımızın böyük ziyalısı Ədalət Muradova da öz dərin təşəkkürümü bildirirəm ki, onun elmi rəhbərliyi altında bu cür layəqətli kadrlar yetişib.

Bir daha deyirəm, bu kin, nifrət, narazılıq mühitini bitirmək lazımdır. Diqqəti dövlət üçün uğurlu kadrlara yönəltmək, onların müsbət tərəflərini digərlərinə nümunə göstərmək lazım.

Unutmayaq, bu ölkədə Hikmət Hacıyev nümunəsi var. Məhz dövlət başçımızın, liderimizin etimadı, dəstəyi, məsləhəti sayəsində çox böyük bir prosesi vicdanla, uğurla, effektiv icra edir.

"Hansı bürc pula "pul" deməyəcək", "Gəlinini tikə-tikə doğrayıb zibil qabına atdı" başlıqlı xəbərlərlə, bu dünyanın ən alçaq varlıqları olan "ekstrasenslər"i gündəm etmək sayəsində İP toplamaq xisləti ilə cəmiyyətimiz uzağa gedə bilməz.

Bu cəmiyyətin və dövlətin irəli getməsinin şərtləri açıqdır: Elm, Ləyaqət və Lider İlham Əliyevə güvənc!

Taleh Şahsuvarlı