Prezident həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib Prezident həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib
  • Paytaxt
  • 23 Yanvar 2020 09:05
  •  4 581

İlham Əliyev Mixail Qusmanla bağlı sərəncam imzalayıb - RƏSMİ

Prezident həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

M. Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Prezident İlham Əliyev həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Mixail Solomonoviç.

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.

AzNews.az