Azadlıqdan ömürlük məhrum edilən iki məhkum əfv olunub

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə azadlıqdan ömürlük olaraq məhrum edilən 2 nəfər əfv edilib.

Məlumata görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, onlardan biri 20 il, digəri 25 il cəza çəkiblər: "Həmçinin, Nardaran hadisələrinə görə həbs olunan 2 şəxs əfvə düşüb. 25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunanlardır".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib. (Trend)

AzNews.az