İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı

ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.

Qeyd olunub ki, aviadaşıyıcılar Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də yerinə yetiriblər, sentyabrın 21-dən etibarən isə onların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. ABŞ-ın bu qərarından sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini bildirib.