İlham Əliyev isveçrəli həmkarını və Nazarbayevi təbrik etdi

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqaya təbrik ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmnuniyyətlə xatırlayır, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram".

İyulun 31-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.