Lukaşenko sabah Bakıya gələcək

Danışıqlar iki gün çəkəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.

Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər aprelin 13-də baş tutacaq.

İki gün davam edəcək səfər çərçivəsində Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə iki görüş keçirəcək. İlk görüş səfərin birinci günü baş tutacaq. Bu qeyri-formal görüşdə prezidentlər Azərbaycan-Belarus arasındakı münasibətlərin əsas istiqamətlərini və strateji qarşılıqlı münasibətləri müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsi isə aprelin 14-də baş tutacaq. Prezidentlərin görüşü təkbətək və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Görüşdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın yeni məzmunu müzakirə olunacaq.

Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və perspektivli layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq da müzakirə olunacaq.

AzNews.az