- Redaktor masası
- 13 Mart 22:50
- 2 736
İran Türkiyəni niyə savaşa çəkmək istəyir?
Türkiyəyə İrandan artıq 3-cü ballistik raket atılıb. Qardaş ölkəmizin sayın mediası dəridən-qabıqdan çıxır ki, qos-qoca ballistik raketin atılmasının məsuliyyətini İrandakı molla rejiminin üstündən götürsünlər. Bu isə mümkün deyil. Niyəsini izah edim.
Əvvala, ballistik raket "Kalaşnikof" avtomatı, F1 qumbarası deyil ki, kimsə onu dərədən tapa, Türkiyəyə tuşlaya. BR yetərincə böyük, xüsusi nəzarət altında qorunan və peşəkarlar tərəfindən idarə olunan qurğudur.
İkincisi, BR-lərin öz istifadə qaydaları var. Parabolik trayektoriya ilə hərəkət edən BR-lər işə salınmazdan öncə başlanğıc sürəti, buraxılış bucağı, Yerin cazibə qüvvəsi, atmosfer müqaviməti və s. öncədən hesablanır və raketin düşəcəyi zona çox dəqiq proqnozlaşdırılır.
Üçüncüsü, Türkiyənin bu raketləri haradan, hansı sürətlə, hara tuşlandığını başqa bir mənbədən eşitməyə heç bir ehtiyacı yoxdur. Türkiyə SQ-i sırf öz hərbi-kəşfiyyat imkanları ilə bu raketlərin haradan atıldığını da çox dəqiq bilir, hətta çox güman qurğunu atəşləyən şəxsi heyəti də müəyyən edib.
Dördüncüsü, hədəfin hətta Türkiyədəki obyektlər olmadığını fərz etsək, bu fərziyyə Türkiyə hava məkanının pozulmasına haqq qazandıra bilməz. Türkiyə kimi bir dövlət torpaqları kimi, su hövzələri kimi hava məkanından qanunsuz və hərbi məqsədlərlə istifadə edilməsini suverenliyinə qəsd saymalıdır.
Beşincisi, atılan raketlər NATO bölmələri tərəfindən zərərsizləşdirilib. Yəni, ortada hər hansı səhv, nasazlıq-filan yoxdur.
İndi qayıdaq əsas suala. Verilən rəsmi açıqlamalardan görünür ki, Türkiyə rəhbərliyi və SQ üçün məsələ aydındır. Bəs, ABŞ və İsraili söymək üçün növbəyə duranlar niyə ölkənin suverenliyini təhdid edən molla rejimini sudan quru çıxarmağa çalışır? Berejnevin məşhur "Mumu" ilə bağlı lətifəsinə uyğun desək, Türkiyəyə raketi İran atır, media İsrailə nifrət püskürür. Bu, haradan baxsaq, bir paradoksdur.
Bu paradoksun səbəbi isə odur ki, Türkiyədə uzun illər aparılan təbliğat nəticəsində "ümmət" anlayışı "millət" anlayışından önə çıxıb. Mustafa Kamal Atatürkün başlatdığı modern millətləşmənin önü ümmətləşmə ilə kəsildiyindən Türkiyə toplumunun milli refleksləri zəifləyib. Milli refleksləri və düşüncə sistemi zəifləyən bir toplumda təhlükə milli maraqlar prizmasından yox, ideoloji və ya dini simpatiyalar prizmasından qiymətləndirilir. Bu halda dövlətin suverenliyinə yönəlmiş hərbi addımlar belə ikinci plana keçir. Bu bir faktdır ki, dövlətlər "ideoloji qardaşlıqla" yox, maraqlarla idarə olunur. Əgər cəmiyyət bunu unutmağa başlayırsa, real təhlükə mənbəyi ilə bağlı yanlış ictimai rəy formalaşır.
Yanlış tezislərdən ən mühümlərindən biri də budur ki, guya ABŞ və İsrail Türkiyəni savaşa çəkmək istəyir. Tam əksinə, hazırda ABŞ və İsrailin Türkiyənin hərbi aktor kimi meydana atılmasına heç bir həvəsi və marağı yoxdur. Türkiyənin müharibəyə qoşulmasını istəyən İran özüdür. İlk baxışdan qəribə görünə bilər, amma məsələ məhz belədir. Səbəbi isə odur ki, Türkiyə savaşa qoşulacağı təqdirdə "İran cəbhəsi"nin açılacağı ərazi Güney Azərbaycandır. Güney Azərbaycanın hərbi əməliyyat zonasına çevrilməsi münaqişənin genişlənməsi, regional böhrana səbəb olması, ən əsası İranın aqibətini müəyyən edəcək azərbaycanlılar üçün uzun müddət bərpa olunmayacaq şəkildə resursların elə İran tərəfindən məhv edilməsi deməkdir.
Taleh ŞAHSUVARLI