​"Müharibənin dayanması Avropa üçün enerji və təhlükəsizlik riski deməkdir" -Kənan Novruzov

"Aydın məsələdir ki, proseslərin bu cür inkişaf etməsi gözlənilən idi. Əslində, məsələ ondadır ki, Avropa müharibənin davam etməsində maraqlı görünür. Bu baxımdan Avropa rəsmilərinin səsləndirdiyi fikirlərdə təəccüblü heç nə yoxdur. Əksinə, əgər onlar müharibənin dərhal dayandırılmasını istədiklərini desəydilər, bu daha təəccüblü olardı. Avropanın müharibənin uzanmasında maraqlı olmasının bir neçə səbəbi var. Birincisi, Avropa hazırda Rusiyadan müəyyən şərtlərlə enerji almağa davam edir və anlayır ki, müharibə başa çatdıqdan sonra bu imkanlar dəyişə və enerji qiymətləri arta bilər. İkincisi, Avropada belə bir narahatlıq da mövcuddur ki, müharibə başa çatdıqdan və ya sona yaxınlaşdıqdan sonra Rusiya növbəti mərhələdə başqa bir Avropa ölkəsinə qarşı hərbi addımlar ata bilər. Bu ehtimalın səbəbi kimi Rusiyanın hələ də müəyyən hərbi potensiala malik olması göstərilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Avropa ölkələri Ukraynaya hərbi əməliyyatları müəyyən müddət daha davam etdirməyi təklif ediblər. Məlumata görə, Kiyevə əməliyyatları əlavə olaraq 18 aydan 2 ilə qədər sürdürmək və bu dövrdə maliyyə dəstəyi vermək təklif olunub. Avropa tərəfi Ukrayna rəhbərliyinə mesaj göndərib ki, “mübarizəni davam etdirin, biz də sizə maliyyə dəstəyi göstərəcəyik.”

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, müharibə başa çatarsa, Rusiyanın daxilində ictimai narazılıqların artması ehtimalı var.

"Çünki cəmiyyət sual verə bilər ki, bu qədər itki və gərginlik hansı nəticə üçün idi. Onsuz da Rusiya bu müharibədə qarşısına qoyduğu maksimal hədəflərə tam şəkildə nail ola bilməyəcək. Strateji baxımdan Rusiya artıq müəyyən itkilərlə üzləşib. Məsələn, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əvvəlki təsir imkanlarının zəiflədiyi qeyd olunur. Bundan başqa, ölkənin beynəlxalq imici də ciddi zərər görüb. Taktiki baxımdan da müharibənin nəticəsi Rusiyanın gözlədiyi qədər böyük uğur gətirməyə bilər. Ən yaxşı halda Moskva nəzarətində olan əraziləri saxlaya bilər. Lakin bütün Ukraynanı nəzarətə götürmək və ya Ukraynanın Avropa ilə inteqrasiyasının qarşısını tam almaq real görünmür. Bu isə o deməkdir ki, Rusiya qarşısına qoyduğu maksimal məqsədlərə çata bilməyə bilər. Belə bir vəziyyətdə müharibənin davam etməsi Rusiyanın daxilində ictimai etirazların qarşısını müəyyən qədər alır. Hakimiyyət də məhz bu faktorun arxasında dayanaraq daxili sabitliyi qorumağa çalışır. Bu səbəbdən Avropanın bir hissəsi müharibənin tez bitməsini istəmir və Ukraynanın Rusiyanı uzunmüddətli qarşıdurmada yorması strategiyasının mövcud olduğu barədə fikirlər səslənir. Eyni zamanda, ABŞ ilə Avropa arasında bu məsələdə müəyyən yanaşma fərqlərinin olduğu da məlumdur. Bu fərqlərin gələcəkdə transatlantik münasibətlərdə yeni müzakirələr və gərginliklər yarada biləcəyi istisna olunmur. Bütün bunlar isə qlobal təhlükəsizlik mühitində qeyri-müəyyənliyin hələ bir müddət davam edəcəyini göstərir".

Rəfiqə Namazəliyeva,

AzNews.az