Hikmət Hacıyevlə Ceyhun Bayramov XİN başçıları ilə bir arada

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar

25 iyunda Avropa İttifaqının (Aİ) üzv ölkələri Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri - Aleksandr Şallenberq, Qabrielius Landsberqis və Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.