• Paytaxt
  • 8 Dekabr 2022 10:42
  •  1 870

XİN: Azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq

Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və etibarlı tərəfdaşına çevrilib.

Aznews.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Nazir müavini bildirib ki, Azərbaycan UNESCO-nun 2021-2025-ci illər üçün İcraedici Şurasına üzv seçilib: “Ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə 1 milyon dollar vəsait ayırıb. Həmçinin, təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb”.

Mahmud Məmməd-Quliyev Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb.

“İki il əvvəl torpaqlarımızı 30 illik işğaldan azad etdik. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Siz Ağdam səfərində bunu görmüsünüz. 67 məsciddən 65-i tamamilə məhv edilib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqrımıdır, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır", - XİN başçısının müavini vurğulayıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan təşkilatla işğaldan sonrakı dövrdə, yenidənqurma prosesi zamanı da əməkdaşlıqda maraqlıdır. O xatırladıb ki, ISESCO bu il Azərbaycana azad texniki missiya göndərib: “Biz azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq, Ermənistan bunun qarşısını alır, prosesi siyasiləşdirir. Ermənistan bu addımlardan uzaq durmalıdır”.