Türk dövlətlərinin enerjisi və Avropanın marağı: Azərbaycan

Neft və təbii qaz ölkəsi olan Azərbaycan son illərdə Avropaya təbii qaz ixracını genişləndirərək həm “Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən”, həm də “Avrasiyanın enerji xəritəsini yenidən formalaşdıran” ölkə kimi ön plana çıxıb.

Ukrayna müharibəsi səbəbindən təbii qaz böhranı yaşayan Avropa enerji resurslarını şaxələndirmək üçün yeni axtarışlara başlayıb. Bu axtarışlar Bakıdan Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin maraqlı tərəfləri arasında Azərbaycana marağı artırmış, bu ölkə ilə enerji sahəsində əlaqələri dərinləşdirmişdir.

2022-ci il iyulun 18-də Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. İlk dövrdə təbii qazı yalnız Gürcüstan və Türkiyəyə daşıyan Azərbaycan, 5 Avropa ölkəsinin də qoşulması ilə 7 ölkəyə təbii qaz ixrac edən ölkə olub. Bu gün Azərbaycanın təbii qaz ixracının 50 faizi Avropa ölkələrinədir. Aİ liderləri Azərbaycanı “etibarlı tərəfdaş” və “Ümumavropa qaz təchizatçısı” kimi xarakterizə edirlər.

Azərbaycandan Avropaya təbii qazın həcminin 20 milyard kubmetrə çatdırılması gözlənilir

Azərbaycan İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana təbii qaz ixrac edir. Gələcəkdə Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya kimi ölkələrin Azərbaycandan təbii qaz alacağı gözlənilir.

2021-ci ildə Avropaya 8 milyard kubmetrdən çox təbii qaz ixrac edən Azərbaycan 2023-cü ildə bu rəqəmi 11,8 milyard kubmetrə çatdırıb. Aİ ilə imzalanmış anlaşma memorandumuna uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycandan Avropaya göndərilən təbii qazın həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr, 2023-cü ildə isə 23,8 milyard kubmetr təbii qaz ixrac edib.

Boru kəmərlərinin ötürücülük qabiliyyəti artırılmalıdır

Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatı var və Abşeron, Ümid, Babək və Qarabağ yataqlarında aparılan kəşfiyyat əməliyyatlarından sonra ehtiyatın artacağı gözlənilir.

Azərbaycandan Avropaya göndərilən qazı artırmaq üçün əlavə investisiyalara ehtiyac var.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın illik gücü 10 milyard kubmetr olaraq hesablanır. Bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması planlaşdırılır.

Dəhlizin Türkiyə ayağı olan TANAP-ın tutumunun 16 milyard kubmetrdən 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə yüksəldilməsi sərmayələrlə əldə edilə biləcək hədəf kimi qiymətləndirilir.

Rusiyadan hər il təxminən 155 milyard kubmetr təbii qaz alan Avropanın Azərbaycandan daha çox təbii qaz alacağı təqdirdə investisiyaların daha da artacağı gözlənilir.

"Azərbaycanın ən azı 100 il ərzində özünə və tərəfdaşlarına çatacaq qədər təbii qazı var”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında təbii qazın Avropaya nəqlini “Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırmaq” və “Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermək” kimi qiymətləndirərək demişdir: “Biz də 100 il ərzində özünə və tərəfdaşlarına çatacaq qədər təbii qazı var".

Azərbaycanla "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayan Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir".

“Azərbaycan sabit və etibarlı təbii qaz təchizatçısıdır”

"Caspian Barrel Petroleum Research Center"-in prezidenti İlham Şaban AA-nın müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan 31 dekabr 2020-ci ildən Avropaya təbii qaz ixrac edir.

Şaban, "Azərbaycan son 3 ildə sabit və etibarlı təbii qaz təminatçısı olduğunu Avropa bazarında sübut etdi. Bu yolla Avropada Azərbaycana olan inam getdikcə artır",-deyə qeyd edib.

Azərbaycanın “Abşeron” yatağının istismarına başladığını və “Ümid” yatağında hasilatı artırdığını deyən Şaban “Babək” və “Qarabağ” yataqlarının işə başlaması ilə ölkənin təbii qaz ixracının artacağını bəyan edib.

Şaban, "Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatı var. Biz hasilat və ixracatda neftdən təbii qaza keçirik. 21-ci əsr Azərbaycan üçün təbii qaz əsri olacaq",-deyə əlavə edib.

Azərbaycanın keçmişdə sərmayələr qoyduğunu, neft və təbii qaz xətləri çəkdiyini xatırladan Şaban bu qiymətləndirməni edib:

"Bunun nəticəsidir ki, digər Xəzəryanı ölkələrin nefti və təbii qazı Azərbaycan ərazisindən tranzitlə nəql olunur. Biz neft hasilatındakı azalmanı tranzit gəlirləri ilə kompensasiya edirik. Qazaxıstan və Türkmənistan nefti Azərbaycan vasitəsilə nəql olunur. Türkmənistan zəngin təbii qaz ehtiyatlarına malikdir. Bu yerlərdən çıxarılacaq təbii qaz gələcəkdə Azərbaycana və Türkiyə üzərindən Avropaya ötürüləcək. Bunun üçün sadəcə bir qədər vaxt lazımdır".

Mövsüm

Aznews.az