Azərbaycanın suverenliyinin təmin edilməsi böyük tarixi qələbəmizdir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə müdrik rəhbərliyi nəticəsində 20 sentyabr Azərbaycan tarixinə əbədi olaraq Dövlət Suverenliyi Günü kimi daxil edilib. Bu, xalqımızın əsrlər boyu çəkdiyi əzabların, apardığı mübarizələrin, qəhrəman övladlarımızın canı-qanı bahasına qazanılan qələbələrin simvolik yekunu, müasir dövlətçiliyimizin ən böyük, ən möhtəşəm nailiyyətidir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu gün Azərbaycanın siyasi inkişafında mühüm tarixi mərhələni təsdiqləyir.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil və suveren dövlət qurmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində üzləşdiyi çətinliklərə, işğallara və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və suveren dövlətçilik arzusu ilə yaşayıb və bu amal uğrunda mübarizəsini davam etdirib. Lakin bu arzunun gerçəkləşməsi üçün yalnız iradə yox, həm də qətiyyətli liderlik lazım idi. Bu liderlik missiyasını isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz üzərinə götürərək tarixi məsuliyyətin öhdəsindən böyük ustalıqla və ləyaqətlə gəldi.
Suveren dövlət anlayışı beynəlxalq hüquqda ali hakimiyyətin təcəssümü deməkdir. Dövlətin daxili və xarici siyasətdə tam müstəqilliyi, heç bir kənar gücə tabe olmaması onun əsas meyarıdır. Azərbaycan uzun illər boyu bu hüquqa malik olsa da, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasət nəticəsində ərazi bütövlüyünü reallıqda təmin edə bilmirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük Antiterror əməliyyatı ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətin suverenliyini yalnız siyasi bəyanatlarda deyil, praktiki addımlarla tam bərpa etdi.
Ermənistanın 30 ildən çox davam edən işğalı xalqımıza ağır zərbələr vurub. Şəhərlərimiz, kəndlərimiz viran qoyulub, xalqımıza qarşı etnik təmizləmələr aparılıb, tarixi abidələrimiz dağıdılıb, Xocalı soyqırımı kimi insanlığa qarşı dəhşətli cinayətlər törədilib. Lakin bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dövlətinin bütün əraziləri beynəlxalq aləmdə həmişə onun suveren ərazisi olaraq tanınıb. Ümummilli Liderin layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən başlayaraq torpaqlarımızı işğaldan azad etməyi və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini praktiki olaraq təmin etməyi milli məqsəd elan etdi və bu istiqamətdə ardıcıl, prinsipial və qətiyyətli siyasətini davam etdirdi.
2018-ci ildən sonra Ermənistanın yeni hakimiyyəti də sülh təkliflərini rədd etdi, vaxtı uzatdı, münaqişənin həllini mümkünsüz hala gətirdi. Bu, Azərbaycanın səbir kasasını daşdırdı. Nəhayət, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq, Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində dövlətimizin gücü, ordumuzun rəşadəti və Prezidentimizin dəmir iradəsi sayəsində Ermənistan ordusu darmadağın edildi. Tarixi Zəfərimizlə torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu, Kəlbəcər, Ağdam və Laçın rayonları da sülh yolu ilə Azərbaycana qaytarıldı. Bununla da BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmamış qətnamələrini Azərbaycan özü öz gücü və öz qüdrəti ilə həyata keçirdi.
44 günlük Vətən müharibəsindən sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli addımı nəticəsində 2023-cü ilin 23 aprelində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi yaradıldı. Bu, bir güllə belə atmadan əldə olunan tarixi nailiyyət idi və Azərbaycanın bütün sərhədləri boyunca onun suveren nəzarətini təmin etdi. Bu addım dövlət hakimiyyətinin aliliyinin təminində mühüm mərhələ oldu.
Lakin düşmən qüvvələrinin qalıqları separatçı rejimlə birlikdə təxribatlarını davam etdirdi. Buna görə də 2023-cü il sentyabrın 19-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli qərarı ilə lokal antiterror tədbirləri başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində düşmən qüvvələri tam tərksilah edildi, qondarma rejim ləğv olundu, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa edildi. Bu əməliyyat müasir tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı.
Bütün bu uğurların məntiqi nəticəsi olaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2024-cü ildə Dövlət Suverenliyi Gününü təsis etdi. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələdir. Bu qərar dövlətçiliyimizin hüquqi-siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artıracaq, xalqımızın milli kimliyini dünyaya təqdim edəcəkdir.
Bu gün Azərbaycan suverenliyi tam bərpa edilən, sərhədləri toxunulmaz, əraziləri bütöv, iqtisadiyyatı güclənən bir dövlətdir. Azərbaycan özünün ən güclü dövrünü yaşayır. Hər bir azərbaycanlı son beş ildə Azərbaycan dövlətinin qazandığı böyük tarixi qələbələrin və bölgədə yaratdığı yeni reallıqların qürurunu yaşayır və qalib dövlətin, qalib xalqın bir parçası olmağı ilə fəxr edir. Bu reallığı yaradan isə məhz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və xalqa arxalanan uzaqgörən siyasətidir. Bizim üzərimizə düşən əsas vəzifə bu nailiyyətləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə güclü dövlət miras qoymaqdır. Azərbaycan xalqı əmindir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə davamlı qələbələrə imza atacaqdır.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru