- Müsahibə
- 20:54
- 1 539
Kapitalizm insan psixologiyasına necə təsir edir? - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

Aznews.az olaraq psixoterapevt Dilbər Bəhmənli ilə kapitalizmin insan psixologiyasına təsirlərini müzakirə etdik. Söhbət zamanı gündəlik həyat ritmində fərdlərin davranışlarını formalaşdıran iqtisadi mexanizmlərdən, daimi rəqabət mühitinin yaratdığı psixoloji gərginlikdən və istehlak mədəniyyətinin güclənməsindən danışıldı. Həmin müsahibəni təqdim edirik:
– Kapitalizm insan həyatına necə təsir edir?
Kapitalizm insanlara fərdi sərbəstlik və müstəqillik bəxş etsə də, gündəlik həyat ritminə və davranışlarına böyük təsir göstərir. İnsanlar daha çox məhsuldarlıq, uğur və maddi müstəqillik üzərində fokuslanır. Məsələn, bir gənc həm universitetdə yüksək nəticə göstərməyə, həm də iş tapıb maddi müstəqilliyini təmin etməyə çalışarkən həm emosional, həm də fiziki təzyiq altında qala bilər.
– Psixoloji baxımdan kapitalizmin əsas təsirləri hansılardır?
Kapitalizm insan psixikasına bir neçə əsas yolla təsir göstərir. İnsanlar davamlı olaraq “Daha çox qazanmalı, daha yaxşı olmalı” hissi yaşayırlar ki, bu da stres və təşvişə səbəb olur. Şəxsi dəyər çox vaxt maddi uğur və statusla ölçülür; Məsələn, eyni bacarıqlara malik iki işçi olsa, daha yüksək maaş alan özünü daha “Dəyərli” hiss edə bilər. Həmçinin, istehlak mədəniyyəti güclənir, insanlar ehtiyaclarından daha çox istəklərinə görə davranır; Məsələn, yeni texnoloji cihazı almaq üçün kredit götürən gənc qısa müddət xoşbəxt ola bilər, amma uzunmüddətli doyum hissi azdır. Fərdi müstəqillik artdıqca sosial bağlılıq zəifləyə bilər və yüksək maaşlı, amma çox məşğul iş sahibi olan şəxs ailə və dostları ilə az vaxt keçirə bilər, bu da yalnızlıq hissini artırır.
– Kapitalizm altında psixoloji sağlamlığı qorumaq üçün nə tövsiyə olunur?
Psixoloji sağlamlığı qorumaq üçün uğuru yalnız maddi göstərici ilə ölçməmək vacibdir. İş və şəxsi həyat arasında balans qurmaq, impulsiv alış-verişlərdən çəkinmək və ailə və dostlarla emosional bağlılığı gücləndirmək lazımdır. Həmçinin, özünə qayğı göstərmək həm psixoloji, həm də fiziki sağlamlığı qorumaq üçün önəmlidir. Məsələn, həftədə bir dəfə ailə ilə vaxt keçirmək, qısa meditasiya və ya idman məşqləri, nəfəs texnikaları, mindfullness, gündəlik gəzinti və s. stres səviyyəsini azalda bilər.
– Kapitalizm və psixoloji davamlılıq arasında necə bir əlaqə var?
Kapitalizm insanı daimi rəqabət və mübarizə mühitinə məcbur edir. Bu mühitdə psixoloji davamlılıq, yəni çətinliklərə baxmayaraq ayaqda qalmaq və daxili resursları qorumaq bacarığı həyati əhəmiyyət kəsb edir. Məsələn, bir gənc işdən çıxarılsa və ya layihəsi uğursuz olsa, daxili davamlılıq ona yeni fürsətlər axtarmağa və emosional olaraq tükənmədən ayaqda qalmağa imkan verir.
– Son mesaj olaraq oxuculara nə demək istərdiniz?
Kapitalizm bizim üçün həm fürsət, həm də təzyiq gətirir. Vacib olan maddi uğuru həyatın yeganə ölçüsü saymamaq, daxili balansı qorumaq və sosial bağlılığı unutmamaqdır. Həqiqi uğur yalnız maddi nəticə ilə ölçülmür; Psixoloji sağlamlıq və mənalı münasibətlət qurmaq da onun ayrılmaz hissəsidir.
Nuray,
AzNews.az