XİN başçısının müavini: Ermənistan Azərbaycanla problemi danışıqlar yolu ilə nizamlamaqdan yayınır

Ermənistan Azərbaycanla problemi danışıqlar yolu ilə nizamlamağa cəhd etmir

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini 1991-1994-cü illər arasında qanunsuz şəkildə işğal edib və bu da BMT-nin 4 qətnaməsində əks olunub:

"Ermənistan əvvəllər işğal olunmuş ərazilərimizdə Azərbaycan əhalisi və mədəniyyətini etnik təmizləməyə məruz qoyub. Azərbaycan əraziləri 1991-1994-cü illər arasında qeyri-qanuni işğala məruz qalıb və 30 il işğal altında saxlanılıb. Bu, açıq-aşkar irqçi və millətçi ideologiya bütün etnik ermənilərin vahid monoetnik Ermənistan dövləti daxilində birləşməsini müdafiə edir".

Nazir müavini bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri icra etməyib:

"Ermənistan məhkəmənin yurisdiksiyasına müraciət etməzdən əvvəl Azərbaycanla problemi danışıqlar yolu ilə həll etməyə cəhd etmək öhdəliyindən yayınmağa çalışır".