Xorvatiya Bakı və İrəvan arasında əldə edilmiş irəliləyişi qətiyyətlə dəstəkləyir

SOCAR Xorvatiyanın xam neft təchizatında çox mühüm rol oynayır.

Bunu Azərbaycanda səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Xorvatiya və Azərbaycanın davamlı artan ümumi ticarət mübadiləsindən razı qalmağa əsasları var: “Bu gün biz hökumətlərimiz arasında İqtisadi Əməkdaşlığın Həyata keçirilməsi və Təşviqi üzrə Birgə Komissiyanın indiyədək keçirilən üç iclasını da xatırladıq. Növbəti görüşün gələn il Zaqrebdə keçirilməsi planlaşdırılır. Biz məmnunuq ki, Xorvatiya və Azərbaycan arasında ticarət mübadiləsinin daha da şaxələndirilməsi və qarşılıqlı sərmayələrin artırılması istiqamətində son iki il ərzində qəti addımlar atılıb. Bunlara Bakıda və Zaqrebdə keçirilən biznes və investisiya forumlarını misal gətirmək olar. Vurğulamaq istəyirəm ki, Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütün səviyyələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün davamlı olaraq yeni yollar axtarmalıdırlar. Mən Milli Məclisin sədri Sahibə Qafarovanı Xorvatiyaya səfərə dəvət etmişəm”, - Qordan Yandrokoviç qeyd edib.

Xorvatiya parlamentinin sədri əlavə edib ki, bu gün Baş nazir Əli Əsədovla ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.

O, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunub. Yandrokoviç əlavə edib ki, Xorvatiya Bakı və İrəvan arasında əlaqələrin normallaşması istiqamətində əldə edilmiş irəliləyişi qətiyyətlə dəstəkləyir.

AzNews.az