“Trumpın planı Çinlə geosiyasi rəqabətin bir hissəsidir” - Asif Nərmanlı

“Amerika Prezidenti Donald Trumpun Qəzza Zolağı ilə bağlı təklif etdiyi həll planı, Həmas və İsrail arasında Fələstin münaqişəsinin həlli məqsədini daşıyır. Təşəbbüs iki əsas məqsəd üzərində qurulub. Birincisi, Trumpın qlobal səviyyədə vasitəçilik rolunu göstərmək, yəni sülhün bərqərar olmasına dəstək verməkdir. Hər çıxışında Trump məsələlərin həllini misal gətirərək Azərbaycan, Ermənistan, Pakistan və digər regionlarla müqayisələr aparır. Bu, Trumpın qlobal sülh vasitəçisi kimi rolunu iddia etməsi və ABŞ-ın qlobal təsir imkanlarını gücləndirmək məqsədini əks etdirir. İkincisi, plan ABŞ-ın Yaxın Şərq siyasətinə xidmət edir. Bu kontekstdə məsələ İbrahim Razılaşmaları prizmasından da qiymətləndirilə bilər. İbrahim Razılaşmaları Trumpın birinci hakimiyyəti dövründə gündəmə gəlmişdi, lakin Bayden dövründə bəzi problemlər yaşandı və məsələ oktyabr hücumlarından sonra arxa plana çəkildi. Trump isə İbrahim Razılaşmalarını yenidən aktuallaşdırmaq istəyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Qeyd edək ki, HƏMAS hərəkatı ABŞ Prezidenti Trampın planı çərçivəsində Qəzza sektorunda atəşkəsin təmin olunmasını və İsrail qoşunlarının yaşayış məntəqələrindən çıxarılmasını tələb edib. “Sky News Arabia” telekanalının məlumatına görə, dolayı danışıqların ilk raundunda HƏMAS girovların dəyişdirilməsinə hazır olduğunu bildirib. Həmçinin, hərəkat azad olunacaq altı yüksəkrütbəli tərəfdarının siyahıya daxil edilməsində israrlıdır. Ekspertlər bu tələbin razılaşmaya ciddi əngəl yarada biləcəyini qeyd edirlər.

Siyasi şərhçi bildirib ki, əsas hədəf İsrailin təhlükəsizliyini təmin etmək və ABŞ ilə ərəb ölkələri arasındakı münasibətləri qorumaqdır.

“İsrail-Fələstin qarşıdurması ABŞ-ın Körfəz ölkələrinə daxil olmasını və ərəb dünyası ilə əlaqələrini çətinləşdirir. Fələstin məsələsi bu münasibətlərdə əsas problemlərdən biridir. Trump administrasiyası bu məsələdə son qərarı vermək və Ərəb dünyası ilə İsrail arasında seçim etmək istəmir. İbrahim Razılaşmaları planı yalnız İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşmasını deyil, daha geniş geosiyasi məqsədləri də əhatə edir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistan və Qazaxıstanın bu razılaşmalara daxil olmaq istəkləri də mövcuddur. Trump planı ABŞ-ın Çinlə geosiyasi rəqabətinin bir hissəsidir. Çin ABŞ-ı əsas rəqibi hesab edir və “Bir Kəmər – Bir Yol” layihəsi üzərində Avrasiyanın nəqliyyat şəbəkəsini genişləndirir. Trumpın strategiyası Yaxın Şərqdə İbrahim Razılaşmalarını aktuallaşdırmaq, orta dəhliz ölkələrini layihəyə daxil etməklə Çinə qarşı üstünlük qazanmaqdır. Planın müxtəlif hissələrində lokal problemlərin həlli mütləqdir. Trump Azərbaycanın məsələsində, xüsusən Zəngəzur dəhlizinə ABŞ-ın daxil olması ilə mühüm nəticələr əldə edib. Fələstin məsələsi hələ çətindir. Trump çalışır ki, məsələ həll olunsun və İbrahim Razılaşmaları reallaşsın. Misal üçün, Suriya məsələsində dəstək strategiyası da münaqişələrin həllinə yönəlib. Trumpın 20 bəndli Qəzza planı həm Ərəb ölkələri, həm də Türkiyə tərəfindən qəbul olunur, lakin İsrail tərəfindən hələ tam təsdiqlənməyib. İsrail planın əsas hissələrini həyata keçirmək və Qəzza məsələsini tam həll etmək istəyir. Planın əsas çətinliyi Həmasın razılaşıb-razılaşmayacağıdır. Hazırda danışıqlar aparılır, lakin Trumpın planına görə Həmas tamamilə ləğv edilməlidir. Bu, Həmasın siyasi və hərbi mövcudluğunun sona çatması deməkdir. Uzun illər ideoloji əsaslarla qurulmuş Həmasın tam geri çəkilməsi çətindir. Həmasın dəstəkləyən Körfəz ölkələri də planı dəstəkləyir. Buna görə razılaşmanın asan baş tutacağını demək mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, ilk gündən məlum idi ki, Trump planını təqdim edərkən Həmas vaxt qazanmağa və planın bəzi şərtlərini dəyişdirməyə çalışacaq:

“Onun məqsədi Həmasın tam sıradan çıxmasının qarşısını almaqdır. Hazırda baş verən danışıqlar müxtəlif məsələlərin həllini tələb edir. Həmas həm də vaxt qazanmağa və planın bəzi şərtlərini dəyişməyə çalışır. Əgər bu mümkün olmazsa, Həmas müqaviməti davam etdirəcək. Həmasın üstünlüyü odur ki, Qəzzadakı bütün fələstinlilər, xüsusən son münaqişədən sonra, onun yanında qalıblar. Hücumlar zamanı Qəzzanı tərk etməyiblər və Həmasın fəaliyyətlərini dəstəkləyirlər. Həmas son seçim kimi döyüşməyə qərar verərsə, Qəzzada münaqişə daha aktiv davam edəcək. İsrailin qazancı isə odur ki, Qəzza hücumlarına görə beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur və bəzi Avropa ölkələri Fələstin dövlətini tanıyır. Bu beynəlxalq rəy İsrailin hücumlarını məhdudlaşdırmaq imkanını azaldır. Trumpın 20 bəndli planı vəziyyəti dəyişə bilər. Əgər Həmas planı qəbul etməsə, İsrail hücumlarını davam etdirəcək və ABŞ bu hücumları dəstəkləyəcək. Beləliklə, Amerika və İsrail ortada plan olduğunu nümayiş etdirəcəklər. Məsələ həm də dilemma yaradır, çünki Həmas danışıqları uzatmağa və müəyyən şərtləri dəyişdirməyə çalışacaq. Hazırda proseslər davam edir və Trumpın planının yaxın dövrdə tam icrası çətin görünür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az