- Siyasi müzakirə
- 6 Oktyabr 20:22
- 3 053
“Azərbaycan balanslı siyasət yürüdərək milli maraqlarını qorumağı bacarır” - Azad Məsiyev

“Son dövrlər Qərb və Rusiya arasında strateji qarşıdurma daha da dərinləşib. Bu mübarizə yalnız siyasi deyil, həm də iqtisadi və hərbi sahələri əhatə edir. Qarşıdurmanın əsas mərkəzlərindən biri Ukrayna, digəri isə Cənubi Qafqaz regionudur. Qərb Rusiyanı beynəlxalq siyasi arenadan təcrid etməyə çalışır. Ukrayna münaqişəsi nəticəsində Qərb və Rusiya arasında əlaqələr tamamilə pozulub. Hazırda Qərbin əsas məqsədi Rusiyanın cənub cinahını – yəni Cənubi Qafqazı – nəzarət altına almaqdır. Bu məqsədlə Qərb regiondakı üç respublikanı öz təsiri dairəsinə salmağa cəhd göstərir. Bu baxımdan Gürcüstanda baş verən hadisələr də həmin geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Parlament seçkilərində məğlub olan müxalifət qüvvələri hakimiyyətə qarşı kütləvi aksiyalara başlayıblar. Bildirilir ki, bu aksiyaların arxasında Qərb dairələrinin təsiri və müəyyən kəşfiyyat strukturlarının fəallığı dayanır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Gürcüstanda yerli seçkilər zamanı baş verən genişmiqyaslı aksiyalar ölkədə gərginliyi artırıb. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının rəhbəri İrakli Kobaxidze Avropa İttifaqı və Qərbin ölkənin daxili işlərinə müdaxilə etdiyini iddia edir. Ermənistanda isə Rusiya yönümlü qüvvələrin qərbyönümlü hökumətə qarşı genişmiqyaslı aksiyalar keçirəcəyi gözlənilir.
Siyasi şərhçi bildirib ki, bir müddət əvvəl Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsi də ölkədə oxşar etiraz dalğasına səbəb olmuşdu.
“Qərb Tbilisiyə təzyiq göstərərək bu ölkəni öz təsiri altına almağa çalışır. Gürcüstanın baş naziri və prezidenti dəfələrlə bəyan ediblər ki, Qərb Gürcüstandan Rusiyayla ikinci cəbhə açmağı tələb edir. Halbuki, bu addım Gürcü xalqının və dövlətinin maraqlarına uyğun sayılmır. Hazırkı hakimiyyət – “Gürcü Arzusu” Partiyası – müstəqil və suveren xarici siyasət yürüdür. Bu isə Qərbin maraqlarına uyğun gəlmir. Qərb idarə olunan, asılı mövqedə olan bir Gürcüstan formalaşdırmaq niyyətindədir. Saakaşvili dövründə bu ssenari artıq yaşanmış və nəticədə ölkə öz ərazisinin bir hissəsini itirmişdi. Gürcüstan Rusiya ilə heç bir beynəlxalq platformada əməkdaşlıq etmir – nə MDB, nə Avrasiya İqtisadi Birliyi, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində. Lakin ölkənin müstəqil siyasət yürütməsi Qərbdə narazılıq doğurur və hazırkı hakimiyyət “Rusiya yönümlü” olmaqda ittiham edilir. Seçkilərdən sonra baş verən etiraz aksiyaları və iğtişaşlar da bu narazılığın nəticəsi kimi dəyərləndirilir. Gürcüstanda sabitliyi pozmaq və Qərbə meyilli hökumət formalaşdırmaq cəhdlərinin arxasında xarici qüvvələrin dayandığı qeyd olunur. Oxşar vəziyyət Ermənistanda da müşahidə edilir. Orada da Qərb və Rusiya yönümlü qüvvələr arasında qarşıdurma davam edir”.
Siyasi şərhçi əlavə edib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbin göstərişləri əsasında Rusiyanın Ermənistandakı təsirini zəiflətməyə çalışır:
“Qərbin məqsədi Cənubi Qafqaz ölkələrini öz maraqları istiqamətində istifadə etməkdir. Bu isə region dövlətlərinin milli maraqlarına uyğun deyil. Azərbaycan isə həm Qərb, həm Rusiya, həm də ABŞ-la balanslaşdırılmış siyasət yürüdərək milli maraqlarını qorumağı bacarır. Gürcüstan da bu istiqamətdə addımlar atarsa, regionda sabitliyi qorumaq mümkündür. Gürcüstanın gələcək inkişafı baxımından Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıya bilər. Çünki hazırda Gürcüstan həm Rusiya, həm də Qərblə münasibətlərində gərginlik yaşayır və siyasi “vakum” vəziyyətindədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Gürcüstana həm iqtisadi, həm də siyasi sabitlik gətirə, ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirə bilər. “Gürcü Arzusu” Partiyasının gələcəkdə də dövlətin müstəqilliyini və xalqın suverenliyini qorumaq istiqamətində siyasətini davam etdirəcəyi gözlənilir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az