Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi 7, ev 8) 50 000 manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat vermişdik. Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi 7, ev 8) 50 000 manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat vermişdik.

Bir çamadan qızılı oğurlanan generalla bağlı dəhşətli faktlar: Çirkli pullar, cinayətlər...

Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi 7, ev 8) 50 000 manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat vermişdik.

Bildirmişdik ki, oğurluqda generalın evində qulluqçu işləyən Sədaqət Məmmədova ittiham olunur. Məsələ ilə bağlı istintaqa cəlb olunan S.Məmmədova guya, mənzildən oğurlanan pulu və zinət əşyalarını götürdüyünü etiraf edib. Sözügedən xəbəri BURADAN oxuya bilərsiniz.

Hazırda ev dustağı olan S.Məmmədova AzNews.az-ın redaksiyasına gələrək, hadisənin təfərrüatlarını, eləcə də generalın həyat tərzi, sərvəti, başına açılan dəhşətli işgəncələrdən danışın:

- Sədaqət xanım, general Qambay Əliyevin evinə kimin vasitəçiliyi ilə işə düzəlmişdiniz?
- Mən Qambay müəllimin idarəsində işləyirdim. İdarə sədri Rauf Mehdiyev dedi ki, Qambay müəllimin anası xəstədir, gəl sən get ona bax. Razılaşdım. 2014-ci ilin oktyabr ayında Rauf müəllimlə deyilən evə getdik. O dedi ki, evin hər yerində kamera var, işləyir. 2015-ci ilin sentyabr ayına kimi mən generalın anasına baxdım. Evdə iki işim var idİ: anasına baxırdım və generalın işə aparması üçün yemək hazırlayırdım.

Bir müddət sonra, qəfildən xəbər yayıldı ki, evdən oğurluq olunub, içi qızılla dolu çamadan və pul aparılıb.

- Oğurlandığı bildirilən çamadan harada olub?
- Qambay müəllimin anasının otağında. İnanın, çamadan otaqda elə yerdə olub ki, mən işlədiyim 1 il ərzində onu görməmişəm. Çamadanın uzunluğu 1 metr, eni isə 80 sm olub. Özüm boyda olan çamadanı necə apara bilərdim? Xəbər yayılanda ailə üzvlərinin hamısı gəldi, dedim ki, niyə narahatsınız, evdə kameralar var. Bundan sonra bildirdilər ki, kameralar işləmir. Sən demə, kameralar sadəcə görüntü üçünmüş...

Evdə işləyənlərin hər birini dindirdilər, ən çox da mənim üzərimdə dayandılar. Polislər məni şübhəli şəxs kimi saxlayıb, izahatımı aldılar. 5-6 gün evdə qaldım, sonra polislər dedi ki, səndən başqa şübhəli şəxs kimi heç kim yoxdur. Ya oğrunu, ya da çamadanı kimə vermisənsə onun adını de. Dedim ki, mənim xəbərim yoxdur. Polislər mənim yaşadığım evi görüb. Bir evdə 3 ailə yaşayırıq, inanın ki, evin heç ayaqyolusu da yoxdur.



- Pulu və qızılları kim apara bilərdi?
- Hadisədən bir az əvvəl evdə təmir işləri gedirdi. O ərəfədə generalın kürəkəni təmir zamanı evdə təsadüfən arvadının gizli saxladığı sənədləri tapmışdı. Generalın qızı Sevinc ərindən gizli 300 min manatlıq ev almışdı. Onun bu hərəkəti ərinə çox pis təsir etmişdi. Məndən soruşdu ki, sizin onun 300 min manata gizli ev aldığından xəbəriniz varmı? Dedim ki, hə, məgər sən bilmirsən? And-aman elədi ki, yox. Dedi ki, eybi yoxdur, gör mən ona nə sürpriz edəcəyəm, məndən gizli ev almaq nə deməkdir? Aradan bir gün keçəndən sonra kürəkən əlində Sevincin 300 min manata aldığı evin sənədi ilə gəldi ki, xala, bu sənədi saxlaya bilərsən? Bunun əvəzində mənə "hörmət" edəcəyini söz verdi. Mən də kəndli qadın, inandım ona. Götürdüm sənədi, saxladım. Məni də 5 ay içəridə bu sənədə görə saxlayıblar. Polislərin yanında dedim ki, ay kürəkən, mənə verdiyin ev sənədinin bu çamadana aidiyyəti yoxdur ki? Oğlunun ölüsünə and içdi ki, bu oğurluğa aidiyyətı yoxdur.

Mən o evdə üzüm ağ, alnım açıq işləmişəm. Generalın anası da ərizəsində bildirib ki, evə girən oğrunu tapın. Deməyib ki, evimi Sədaqət qarət edib. Buna baxmayaraq, etmədiyim işə görə 5 ay təcridxanada qalmışam və olmazın zülmlər görmüşəm.

- Zülmləri kim edib?
- Təcridxanada qaldığım 5 ay müddətində işi aparan müstəntiqi iki dəfə görmüşəm. Məni Kürdəxanıdan polis bölməsinə gətirib işgəncə verirdilər. Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəisi - Orxan Muxtarov ona tabe olan əməkdaşları ilə birlikdə gecə saat 11-dən sonra mənə olmazın işgəncələr verirdi. Ayağıma, barmaqlarıma elə zərbələr endirilblər ki, indi şikəstəm. Bundan əlavə, eşitmədiyin nalayiq ifadələri onlardan eşitmişəm. Bu 5 ay ərzində üzümə nələr deyilmədi, görmədiyim hansı işgəncələr qalıb...

Yazıb xahiş elədim ki, məni təcridxanada dindirsinlər, Nəsimi rayon Polis İdarəsinə aparmasınlar. Bunla bağlı aidiyyəti qurumlara rəsmi müraciət etdim. Bundan sonra ekspertiza təşkil edib, məni yoxladılar. Gördülər ki, həqiqətən də bədənimdə xəsarət izləri var. Ondan sonra hər yerə müraciətlər etdilər.

- İşgəncə verənlər sizdən nə istəyirdilər?
- Deyirdilər ki, oğurluğu boynuna al, generalın yeznəsi Raminin adını hallandırma. Sənə iş veriləcək, 3-5 il həbs çəkərsən, sonra da gedib göy-göyərti satarsan. Hətta Gömrük Komitəsinin işçisi Rauf Mehdiyev qanunsuz olaraq Cinayət Axtarış Şöbəsində görüş alıb məni məcbur edirdi ki, işi öz boynuma götürüm.

Deyirdi ki, nə badə kürəkənin adını deyəsən. İstəyirdi ki, kürəkinin saxlamaq üçün mənə hansısa sənəd verdiyini də inkar edim. Mən isə onun dediyinə qulaq asmadım. İstədim həqiqət üzə çıxsın, hamıya məlum olsun ki, mən oğru deyiləm.



Ona dedim ki, Rauf müəllim, bu evdən nəsə oğurlanıbsa, orada sizin əliniz var. Çünki siz mənə dediniz ki, evdə kameralar var, bütün işçilər də kameranın olduğuna inanıb. Bu evə məndən başqa ən çox girib-çıxan sənsən. Bəlkə sən aparmısan? Təzyiq edirsən ki, boynuma alım, yaxşı, bəs o zaman oğurlanan pulu və qızılı qaytarmalı deyiləm? Onu haradan alacağam? Məni o qədər incidirdilər ki...

İnandırım sizə ki, heç ermənilər belə zülm etməyiblər. İnanmıram hansısa insan bəndəsi bu zülmləri görə.

- Təcridxanadan necə çıxa bildiniz?
- Mənim əməlimdə cinayət tərkibini sübut edəcək heç bir dəlil yox idi.
Müstəntiq mənim övladlarıma görüş üçün sənəd vermirdi. Kürəkın gedəndən 10-15 gün sonra dedilər ki, yanına gələn var. Sevinə-sevinə getdim, birdən baxdım ki, Sevinc. Onu görən kimi halım dəyişdi. Düşündüm görəsən, bu nə istəyir? Dedi ki, onsuz da biz Ramini bu "oyun"dan çıxarmışıq, sən sus. Susmağımın qarşılığında mənə 150 min manatlıq ev təklif etdi.. Mən də açıq şəkildə dedim ki, get nənənə de ki, anama etmədiyim yaxşılığı ona etmişəm, halal eləmirəm. Atana da de ki, bu işdən əl çəksin, mənim günahım yoxdur. Bu qızılı və pulu sənin ərin aparıb. Əgər aparmayıbsa, burada nə işin var? Sənin evin, mülkün ayrı, oğurluq atanın evində olub, sən niyə bura gəlmisən? Əgər mən onu götürsəydim deyərdim ki, oğrudan-oğruya halaldır. Görürdüm də o evə nələr gəlir... Generalın, anasının portfellə dolu pulu, çamadanlarla qızılı...

-Bəs məsələyə Qambay Əliyevin münasibəti necə idi?
- O evdə nə varsa generala məxsusdur, amma nə alırlarsa arvadın adına sənədləşdirirlər. 5 gündən sonra generalın anası onu ailədən birinə bağışlayır. Bütün alğı-satqı işləri evdə baş verirdi. Tanış Notariat Kontoru var idi, evə gəlirdilər.

General səyahətə çıxanda mən gecələr onun evində qalırdım. Oğurluq olan günü Sevinc mənə dedi ki, sən get, bu gecə evdə özüm qalacağam. O qız da bir stəkan çay dəmləmək qabiliyyətinə belə malik deyil. Yəni, o, nənəsinə baxa bilməzdi. Dedim lap yaxşı. Axşam eşitdim ki, guya Sevincin boyunbağısı olub, onu çamadana qoymaq istəyib. Elə bu vaxt çamadanın yoxa çıxdığını görün. Burada müəmmalı məqamlar kifayət qədərdir... Deyirdi ki, ərinin evində neçə min manatlıq seyf var. Əri düzgün adam idisə, boyunbağısını elə aparıb evindəki seyfə qoyardı da... Niyə nənənin çamadanına qoyursan?

- Dediyinizdən belə çıxır ki, Sevinc sizi evdən oğurluğu görməyəsiniz deyə uzaqlaşdırıb?
- Mənə elə gəlir ki, pulu generalın qızı əri ilə əlbir olub oğurlayıb. Çünki generalın Xurşud adında bir qızı da var, nənəsinin vəsiyyətinə görə, qızıllar qızların arasında bölünməlidir. Sevinc isə buna razı deyildi.
Generalın evinə o qədər qeyri-qanuni şeylər gəlirdi ki... Pul, ərzaq və daha başqa şeylər. Sonra başa düşdüm ki, kameranı buna görə sönülü saxlayıblar. Qambay müəllimin anası avqust ayında bir torba qızılı mənə yuduzdurub. Onları yuyub divanda qəzetin üstünə sərdim. Sonra da o qızılları torbaya yığdım. Bundan əlavə bir portfel də qızıl vardı. İtən çamadanı isə heç görməmişəm. Oğurlanandan sonra bilmişəm ki, o çamadan şüşəli şkafın içində paltarların arxasında olub.



- Generalın kürəkəni nə işlə məşğuldur?
- Çörək zavodunda menecer işləyir. O, Novxanıda bir bağ tikdirib ki, heç nazirin elə evi yoxdur. Bundan başqa isə ayrı-ayrı məkanlarda evi var.

- Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən edilən işgəncələrə görə aidiyyəti qurumlara hüquq-mühafizə orqanlarına müraciət etmək, təzminat davası açmaq fikriniz varmı?
- Eləmişəm. Amma bundan sonra yenə də müraciət edəcəm. Məni şikəst ediblər. Prezident İlham Əliyevə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror Zakir Qaralova müraciət edirəm, buna ədalətlə, qanunla baxsınlar. Mənim o işdə günahım yoxdur. Əgər günahkar varsa, o da generalın kürəkənidir. Qoy hamı bilsin, təcridxanada olanda Orxan müəllim məni qorxudurdu. Deyirdi ki, oğlunun cibinə nəşə atıb tutduracağam. Bütün qohum-əqrabamın oğlanlarını saxlamışdılar, hamını incidirdilər. Mənim bu məsələdə bir günahım olub, o da kürəkənin verdiyi sənədi saxlamaq. Heç kəs bu işə baxmır, iş birtərəfli aparılır. Generaldır deyə arxasız insanlar məhv olmalıdır?

- İndi də sizə generalın ailəsi tərəfdən hər hansı təzyiqlər varmı?
- Məni generalın ailəsi deyil, polislər incidir. Orxan Muxtarov mənə deyir ki, birinci adamsan ki, istəyirəm səni didib-parçalayım. Deyirlər ki, o, Namiq Abbasovun yeznəsidir. Əvvəllər Bakı Şəhər Polis İdarəsində işləyib. Qadınları incitdiyinə görə onu oradan çıxarıblar. Mən olduğum müddətdə ora gələnləri ölümcül döydürürdü...


Qeyd: Xanım şikayətçinin səsləndirdiyi ittihamlarla bağlı general Q. Əliyevin fikrılərini öyrənmək üçün dəfələrlə etdiyimiz cəhdlər nəticəsiz qaldı.

AzNews.az