“Hasarlama məsələsinə reaksiya verilməsi müsbət haldır, amma Azərbaycan cəmiyyətində bundan vacib məsələlər mövcuddur” “Hasarlama məsələsinə reaksiya verilməsi müsbət haldır, amma Azərbaycan cəmiyyətində bundan vacib məsələlər mövcuddur”

Arif Hacılı: “Qurultayımızın keçirilməsi hökumətdən asılıdır” - MÜSAHİBƏ

“Hasarlama məsələsinə reaksiya verilməsi müsbət haldır, amma Azərbaycan cəmiyyətində bundan vacib məsələlər mövcuddur”



Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-ın suallarını cavablandırıb:

-Arif bəy, Müsavat Partiyası qurultayın keçirilməsi barədə yekun qənaətə gəlib? Bu ilin sonuna kimi qurultayın keçirilmək ehtimalı varmı?

-Bu, Azərbaycan hökumətindən asılıdır. Hökumət nə zaman yer ayıracaqsa, onda da qurultayımızı keçirəcəyik.

- "Müsavat başqan dəyişikliyinə görə, özü qurultayın keçirilməsində maraqlı deyil" iddiası nə dərəcədə əsaslıdır?

-Bu əsassız ittihamdır. Müsavat Partiyasının Nizamnaməsinə görə, təşkilatın qurultayı 4 ildən bir keçirilməlidir. Biz də Nizamnaməyə sadiq olan bir qüvvəyik və heç zaman qurultayın gecikməsini də istəmərik. Azərbaycan hakimiyyətinin yaratdığı problemlər üzündən artıq 7 ildir ki, Müsavat Partiyasının qurultayı keçirilmir. Bu heç kimə sirr deyil ki, qurultayın gecikməsi yalnız və yalnız yer problemi ilə bağlıdır.

-Qurultay üçün Türkiyə və Gürcüstan variantları seçilmişdi. Bəs bu seçim niyə reallaşmadı?

-Əslində bu variantlar seçilməmişdi, ehtiyat variantlar kimi nəzərdə tutulurdu. Biz Azərbaycanda, paytaxt Bakı şəhərində qurultayın keçirilməsində maraqlıyıq. Hakimiyyətin yer verməyəcəyi təqdirdə belə alternativ variantlar da müzakirəyə çıxarılmışdı.

-Nizamnaməyə əsasən qurultayınız 3 il gecikir. Tutaq ki, sabah hakimiyyət qurultay üçün nəzərdə tutduğunuz, sizi qane edən ünvanlardan birinə razılıq verdi, Müsavat başqan seçkisinə hansı namizədlərlə gedir?

-Bu siyasi proseslərin gedişindən asılı olacaq.

-"Siyasi partiyalar haqqında" qanunda icazəsiz aksiyalarla bağlı cərimələri nəzərdə tutan dəyişikliyin müxalifətin xeyrinə olduğu barədə fikirlər səsləndirilir. Bildirilir ki, müxalifət onsuz da aksiyalara kifayət qədər adam çıxara bilmirdi. Bu dəyişiklik də onlara göydəndüşmə oldu...

-Bu, hakimiyyətin ölkədə fundamental hüquq və azadlıqları məhdudlaşdırmaq istiqamətindəki fəaliyyətinin davamıdır. Azərbaycanda hakimiyyət bütün vasitələrdən istifadə edərək, söz və mətbuat, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, seçmək və seçilmək azadlığını məhdudlaşdırmaq xətti götürüb. Son illərdə qanunvericilik sahəsində aparılan dəyişikliklərin böyük əksəriyyəti, məhz bu məqsədə xidmət edib. Edilən dəyişikliklər 1992-ci il və 1993-cü ilin əvvəllərində az-çox yaradılmış demokratik institutları məhv etmək, sıradan çıxarmaq xəttinin nəticəsidir.

-Müxalifətin maneə saydığı bu addımları əngəlləmək üçün təmsil etdiyiniz düşərgə nə düşünür?

-Azərbaycanda normal siyasi rəqabət şəraiti yoxdur. Hakimiyyət nə Konstitusiya, nə də qanunlara hörmət edir, bərabərhüquqlu rəqabət şəraitini tanımır, administrativ resurslardan, güc strukturlarından cəmiyyəti, ilk növbədə müxalifəti əzmək siyasəti götürüb. Şübhəsiz, belə olan hallarda gözlənilməz və xoşagəlməz təsadüfi hadisələr baş verir. Təsadüfi deyil ki, ekspertlər ölkədə gözlənilməz hadisələrin baş verəcəyini proqnozlaşdırırlar.

-Müxalif düşüncəli şəxslər yolboyu yaşayış məskənlərinin hündür hasarlara alınmasına etiraz edirdi. Artıq Milli Məclisdə hakim partiyanın təmsilçiləri də buna qarşı etiraz səsi qaldırırlar...

-Əgər onların bu çıxışı həqiqətən mənim qaldırdığım problemlə bağlıdırsa, bunu müsbət qiymətləndirirəm. Ölkənin bütün ərazisində yol kənarları, o cümlədən Bakı şəhərində bir sıra dövlət obyektlərinin ətrafının, Xəzərin sahillərinin hasarlanması doğrudan da ciddi məsələdir. İstər mənim, istərsə də digərlərinin bir sıra fundamental məsələlərlə bağlı qaldırdığımız problemlərə hələlik ciddi reaksiya verməyib. Hesab edirəm ki, hasarlama məsələsinə reaksiya verilməsi müsbət haldır, amma Azərbaycan cəmiyyətində bundan vacib məsələlər mövcuddur. Siyavuş Novruzovla debatda da mən daha ciddi problemlər barədə fikirlər səsləndirmişdim ki, onların aradan qaldırılması istiqamətində addımların atılması, Azərbaycan cəmiyyətinin dirçəlməsinə, möhkəmlənməsinə səbəb ola bilər.

-Müxalifətin qaldırdığı problemlərin həlli istiqamətində hakimiyyətin hansısa addım atması təcrübəsi ilə indiyə qədər rastlaşılmayıb?

-İstisna hallarda olub. Nəinki müxalifətin, bütövlükdə cəmiyyətin, hətta bəzi hallarda hakim partiya üzvü olan deputatların, hakimiyyətə yaxın qüvvələrin qaldırdığı məsələlərə biganə yanaşılır. Nümunə üçün onu deyə bilərəm ki, ehtiyatsızlıq üzündən cinayət törətməkdə təqsirli bilinən Nigar Yaqublunun haqqında həbs qəti-imkan tədbirinin dəyişdirilməsi üçün 10 millət vəkili Abşeron Məhkəməsinə müraciət etmişdi. Belə bir müraciət bəlkə də Azərbaycan siyasətində ilk addım idi. Bununla belə Məhkəmə Nigar Yaqublunu azadlığa buraxmadı. Halbuki hər hansı bir şəxsin ehtiyatsızlıq səbəbindən cinayət törətdiyi bilindiyi halda Məhkəmənin qərarından əvvəl həbsdə saxlanması qeyri-adi hadisədir. Bir xanımın belə bir cinayətdə təqsirli bilinib həbsdə saxlanması isə ilk rastlaşılan haldır. Ona görə də Azərbaycanda hakimiyyətin irəli sürülən təkliflərə biganə qalması adi haldır. Hakimiyyət yalnız müxalifəti, cəmiyyəti deyil, öz mövqeyinə yaxın olan, hakimiyyət strukturlarında çalışan insanların təkliflərinə belə biganə yanaşması ilə bütövlükdə Azərbaycan cəmiyyətinə hörmətsizlik nümayiş etdirir.

Gültəkin Qəhrəmanlı
AzNews.az