- Siyasi müzakirə
- 28 Oktyabr 22:57
- 1 564
“Qarşılıqlı addımlar sülhə aparan prosesi sürətləndirə bilər” - Azər Həsrət
“Mən burada pozitiv bir jest görürəm. Niyə? Çünki biz hamımız bilirik ki, Azərbaycanın əsas strateji tələbi Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan bu dəhliz vasitəsilə həm Qardaş Türkiyə ilə birbaşa quru əlaqəsi qurmaq, həm də Naxçıvanla birləşmək niyyətindədir. Yəni qarşılıqlı şəkildə hər iki istiqamətdə hərəkət və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Bu yol, əslində, bizim üçün hava və su qədər vacib olan strateji bir xəttdir. Hazırkı mərhələdə isə Ermənistan bu dəhlizi təqdim edə bilmir. Bunun obyektiv səbəbləri var: yolun çəkilməsi, infrastrukturun formalaşdırılması, hüquqi və texniki mexanizmlərin müəyyənləşdirilməsi vaxt tələb edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Qazaxıstana səfəri zamanı qeyd etmişdi ki, Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Hazırda 2025-ci ilin sonundayıq, yəni qarşıdakı ən azı üç il bu layihənin tam reallaşması üçün tələb olunur. Bəs həmin dövr ərzində Ermənistan nə təklif edə bilər? Əlbəttə ki, bu mərhələdə təklif olunan ağlabatan marşrutdur. Niyə məhz bu marşrut? Çünki Azərbaycan Laçın istiqamətindən keçərək Ermənistan ərazisinə daxil olur və oradan Qardaş Türkiyəyə quru yolla çatmaq imkanı qazanır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Azərbaycanın Ermənistana tranzitlə bağlı məhdudiyyəti aradan qaldırmasından sonra İrəvan da oxşar bəyanat verib. Baş nazir Nikol Paşinyan ölkəsinin Türkiyə və Azərbaycan arasında yük daşımalarını Marqara–Yeqnadzor–Sisian–Gorus marşrutu ilə həyata keçirməyə hazır olduğunu bildirib. Analitiklərə görə, bu addım Bakının jestinə cavab kimi görünsə də, Paşinyanın təklifi ilə Azərbaycanın qərarı arasında fərq var və yekun sülh müqaviləsi imzalanmadan belə bir addımın erkən olduğu qeyd olunur.
Siyasi şərhçinin fikrincə, Ermənistan tərəfi, xüsusilə də Baş nazir Nikol Paşinyan bu təklifi irəli sürməklə təkcə manipulyasiya məqsədi güdmür.
"Təbii ki, bu addım həm daxili, həm də xarici ictimai rəyə hesablanmış siyasi mesaj daşıyır. Lakin reallıq budur ki, hazırkı vəziyyətdə Azərbaycanın atdığı xoşməramlı addımlara qarşılıq olaraq Ermənistanın təklif edə biləcəyi yeganə alternativ marşrut məhz budur. Bu istiqamət həm praktik, həm də real baxımdan mümkün bir variantdır. Düzdür, Ermənistan daxilində həmin xətt üzrə yol və infrastrukturun vəziyyəti tam aydın deyil, lakin müəyyən texniki hazırlıqlarla bu marşrutdan istifadə etmək mümkündür. Əgər Azərbaycan bu marşrutu qəbul etsə, yol Qarabağın işğaldan azad olunmuş ərazilərindən — Xankəndi, Şuşa və Laçın istiqamətindən keçərək Ermənistan ərazisinə daxil olacaq, daha sonra isə Türkiyə sərhədinə çıxacaq. Məsafə böyük olmasa da, Ermənistanın dağlıq relyefi logistik baxımdan müəyyən çətinliklər yarada bilər. Hazırda Ermənistanın real potensialı məhz bundan ibarətdir. Ümumilikdə, düşünürəm ki, həm Azərbaycanın atdığı addımlar, həm də Ermənistanın bu cür təklifləri qarşılıqlı xoş məramlı niyyətin ifadəsi kimi dəyərləndirilsə, iki xalq və iki dövlət arasında sülhün daha dayanıqlı və davamlı şəkildə formalaşması mümkündür. Doğrudur, biz indi atəşkəs və nisbi sabitlik şəraitindəyik, lakin bu, tam sülh deyil — çünki hələ sülh müqaviləsi imzalanmayıb. Buna görə də Paşinyanın təklifinə emosional və aqressiv reaksiya verməyə dəyməz. Əksinə, təmkinli, rasional və strateji yanaşmaq lazımdır. Hətta burada müəyyən siyasi manipulyasiya cəhdi olsa belə, bunu xoşməramlı jest kimi qəbul etmək mümkündür. İstifadə edib-etməmək, təbii ki, Azərbaycanın suveren qərarıdır. Amma ən azından Ermənistan tərəfinin belə bir təklif irəli sürməsi, danışıqların konstruktiv məcrada davam etməsinə şərait yaradır. Bu baxımdan, hesab edirəm ki, təklifi pozitiv gediş kimi dəyərləndirmək daha doğru və uzaqgörən mövqedir".
Rəfiqə Namazəliyeva,
AzNews.az