Bu avtomobillər təhlükəlidir - Yaşayış evlərinin yaxınlığından keçir - Video

Yük çənində tonlarla təhlükəli maddə olan avtomobillər yaşayış evlərinin sıx olduğu yoldan keçir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, təhlükəli maddə daşıyan yük avtomobillərinin çənlərinin üzərində adətən "oddan təhlükəlidir" kimi ifadələr yazılır. Ancaq bu avtomobillərin özlərinin ətrafa saçdığı təhlükə daha böyükdür. Söhbət yaşayış evlərinin arasından, xüsusilə də dar yollardan gedən və çəni yanacaq ilə dolu olan yük avtomobillərindən gedir. Paytaxtın "NZS" adlanan qəsəbəsində bu hala daha çox rast gəlinir. Üstəlik, həmin avtomobillər bəzən 10 dəqiqədən çox bu ərazidə tıxaca da düşür.

Bakının Xətai rayonu, Həzi Aslanov qəsəbəsində bir neçə yerdə mərkəzi yanacaqdoldurma depoları olduğundan hər gün yüzlərlə yanacaqdaşıyan avtomobil çəni dolu halda bu yoldan keçir. Bu isə ən çox qəsəbə sakinlərini narahat edir.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, qanuna əsasən, təhlükəli yüklərin avtomobil ilə daşınması üçün marşrut bir neçə dövlət qurumunun razılığı əsasında müəyyən edilməlidir. Ekspertin sözlərinə görə, sözügedən ərazilərdə tikinti normaları da pozulduğundan risk daha da artır.

Qaydalara əsasən, təhlükəli maddələrin saxlanıldığı anbarların əhatəsi kilometrlərlə boş ərazi olmalıdır

Bakı şəhər Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, həmin əraziyə baxış keçiriləcək. Əgər vətəndaşlar üçün konkret təhlükə aşkarlanarsa, müvafiq tədbirlər görüləcək. Bölmə rəisi həmçinin tövsiyyə edib ki, əgər çəni təhlükəli maddə ilə dolu yük avtomobili yaşayış evlərinin yaxınlığında xarab olursa, həmin avtomobil mütləq ən qısa zamanda ərazidən uzaqlaşdırılmalıdır.