Kəndlərə verilən içməli sularda xoşagəlməz hallar aşkarlanıb

Mütəmadi olaraq ilboyu Bakı və digər rayonlarda su təmizləyici qurğulardan, ayrı-ayrı stasionar nöqtələrdən və yeni quraşdırılan modul tipli qurğulardan götürülmüş içməli su nümunələrində xoşagələn və xoşagəlməz vəziyyətlər müşahidə olunub.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün keçirdikləri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə 215 kənddə quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Naziliyinə məktub göndərilib.

Z.Kazımov qeyd edib ki, son 5 ildə Mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian sularının müayinələri ilə əlaqədar araşdırma aparılır, nümunələr götürülür: "Bu nümunələrdə də o qədər təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, Bakı və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatına daim nəzarət olunur".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, su istehsalı müəssisələrində suyun yenidən minerallaşdırılması məsələsi də indi gündəmdədir: "Bəzi müəssisələrdə su tamamilə sistemdən çıxdıqdan sonra onun yenidən mineralizasiyası aparılır. Bunun da müsbət və mənfi tərəfləri var. Mineralizasiya aparılarkən suyun "sıfır" vəziyyətində minerallaşdırılması prosesi sual altına düşür. Mineralsız suyun uzun müddət qəbul edilməsi orqanizmdə mikroelementlərin çatışmazlığına səbəb olur. Ona görə su istehsalı müəssisələri bu cür məsələləri diqqətdə saxlamalıdırlar".

AzNews.az