“Mən atamın tərəfindəyəm” “Mən atamın tərəfindəyəm”

Rüstəm İbrahimbəyovun qızı atasını dəstəklədi

“Mən atamın tərəfindəyəm”




Bu gün dünya şöhrətli yazıçı-ssenarist, Azərbaycan Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun ad günüdür. Doğum gününü okeanın o biri tayında – ABŞ-da qeyd edən R.İbrahimbəyovu Modern.az vasitəsilə onun qızı Fatimə İbrahimbəyova təbrik edib.

Söz düşmüşkən, Azərbaycanda geniş tanınmayan bu xanımın anası S.Vurğun adına Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnayadır. Qardaşı Fuad İbrahibəyovla birgə iki övladdan biri olan F.İbrahimbəyova Rusiyada Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, bir müddət "Azərbaycanfilm"də işləyib və hazırda həyat yoldaşı və iki uşağı İstanbulda yaşayır.

"Həyat yoldaşımın işi ilə əlaqədar bir müddət öncə İstanbula köçmüşük. Oğlum Ruslanın 13, qızım Maşanın 8 yaşı var"-deyə F.İbrahimova qeyd edib.

"Mən atamla fəxr edirəm", – deyə Modern.az-a açıqlamasında bildirən F.İbrahiməyova ABŞ-la vaxt fərqini nəzərə alaraq, hazırda Vaşinqtonda olan Rüstəm İbrahimbəyovu telefonla təbrik edə bilmədiyini söyləyib.

"Amerikada hələ gecədir. Amma səhər açılan kimi ilk işim onu təbrik etmək olacaq", – deyə, o, bildirib.

Son vaxtlar Rüstəm İbrahimbəyova qarşı siyasi təzyiqlərin artmasından narazı qaldığını gizlətməyən Fatimə xanım bu barədə mövqeynin bəlli olduğunu, atasının tərəfində dayandığını qeyd edərək, əlavə fikir bildirməyə ehtiyac duymayıb.

Fatimə İbrahimbəyova yaradıcılığı haqında danışmadı. "Son iki ildə heç bir təklif almadığımdan yenilik yoxdur".

Xatırladaq ki, Fatimə İbrahimbəyova üç filmə çəkilib: "Cəhd edən adam" (Azərbaycan, 1998), "Etimad telefonu" (Rusiya-Azərbaycan, 2001), "Kabusun gözləriylə" (Azərbaycan-Fransa, 2011).

AzNews.az