Məcburi köçkün ailəsi “Qaçqınkom”dan kömək gözləyir Məcburi köçkün ailəsi “Qaçqınkom”dan kömək gözləyir

Bakının park və qazanxanalarında yaşayan ana və qız

Məcburi köçkün ailəsi “Qaçqınkom”dan kömək gözləyir




Ağdamın Sarıhacılı kəndindən olan məcburi köçkün Lətafət Məmmədova redaksiyamıza müraciət edərək özü və qızından ibarət iki nəfərlik ailəsinin problemlər girdabında yaşadığının bildirib. Ağdam ermənilər tərəfdən
işğal edildikdən sonra bir müddət anası və qardaşı ilə bərabər çadır şəhərciyində qalan Lətafət xanım həmin günləri belə xatırlayır: "Çadır şəraitində yaşamağın çətinliklərini yaşayanlar bilir. Anamın böyrəkləri və ürəyi xəstə oldu. Yaxınlardan biri Ağdamın Quzanlı kəndindəki evini yaşamaq üçün bizə verdi, ancaq anam orada rəhmətə getdi. Anam vəfat etdikdən sonra qorxudan, həyəcandan, əsəbdən o evdə qala bilmədim".

Uğursuz başlanğıc, uğursuz son

Bundan sonra məcburi köçkün L. Məmmədovanın Bakıya yolu başlayıb: "Əvvəlcə Yasamalda bacımgilə gəldim. Ancaq orada da yaşamaq qismət olmadı. Hərənin öz ailəsi, öz problemləri var. Düşündüm ki, bəlkə ailə həyatı qursam öz ailəm olar, mənə də bir sahib çıxan tapılar". Amma bu fikirlə qurduğu ailə də uğursuz olan L.Məmmədova 2001-ci ildə evləndiyi şəxsdən 2010-cu ildə məhkəmə qərarı ilə ayrılıb. Ayrılığın səbəbi yenə də imkansızlıq, yaşamaq üçün heç bir şəraitin olmaması olub: "Ailə qurduğum şəxsin pis vərdişləri yox idi, amma yaşamaq üçün bir dam tapa bilmirdik. İşləyə bilmirdi, sonra bildim ki, o da evlənməkdə mənə güvənib. Mən ona güvənən kimi. 2002-ci ildə qızımız dünyaya gəldi. Amma yanımızda uşaq qapıları gəzməkdən yorulmuşdum. Ev kirayəsini ödəmək üçün də imkan yox idi. Ailəsini dolandırmırdı, mən heç, qızımızın adi yeməyini belə ala bilmirdik. 2010-cu ildə həyat yoldaşım Hüseynov Ələsgərdən ayrıldım. Əslində ona da ürəyim yanır, onun da vəziyyəti yaxşı deyil, acınacaqlıdır. Özü də xəstədir. Amma başqa əlacım yox idi".

"Paltarı olmadığından qızımı məktəbə bir il gec göndərdim"

Boşandıqdan sonra qızı ilə bərabər qardaşı və bacısının yanında yaşayan Lətafət xanım qısa müddət sonra yenə tənhalığın girdabına düşüb. Amma bu dəfə yanında məktəbyaşlı qızı ilə birlikdə. Qızını məktəbə bir il gec göndərib, səbəb yenə maddiyyatdır. Deyir ki, qızına məktəb paltarı, çanta, ayaqqabı ala bilməyib: "Qızım məktəbə gedəndə heç olmasa məktəb paltarı verilmsi üçün "Qaçqınkom"a müraciət etdim. Amma vermədilər. Yenə sağ olsun 67 saylı məktəbin direktorunu, uşağa məktəbli paltarını o verdi. Ondan sonra uşaq məktəbə getdi. Yaxşı oxuyur, qiymətləri beşdir. Deyir ki, böyüyəndə jurnalist olacağam, başımıza gələnləri yazmaq üçün. Amma nə geyim, nə məktəb ləvazimatı ala bilirəm. Qızım utanır cırıq ayaqqabı ilə məktəbə gedəndə, amma bildirmir. Başqa əlacım yoxdur, onu necə olsa oxudacağam, mənim düşdüyüm vəziyyətə düşməsin".

"Park və qazanxanalarda yaşayıram"

İndi ana və baladan ibarət bu ailənin sığınmaq üçün bir isti ocağa ehtiyacı var. Qış aylarında Sabunçu qəsəbəsində 100 manata tutduğu kirayə evdə qalırlar, amma ancaq 3 ayı. Sonrası isə Bakının küçə və parklarında keçən dəhşətli bir ömür: "Qışda parkda qalmaq olmur. Çalışıb birtəhər qışda ev kirayəsini verirəm. Bəzən ev sahibi qızıma yemək gətirir. Daimi bir iş tapa bilsəm özümü də, qızımı da dolandıraram. Amma işəmuzd işləyirəm. Məktəblə ev uzaqdır, məcbur qalıb özüm aparıb gətirirəm. Elə vaxt olub ki, məcburi köçkünlərin yaşadığı yataqxananın qazanxanasında qızımla bərabər yaşamışam".

Sığınacaq probleminin həlli üçün dəfələrlə müvafiq qurumlara müraciət etsə də. L.Məmmədovaya kömək edən tapılmayıb: "Qaçqınkom"un sədri Əli Həsənovun qəbuluna düşə bildim. Amma o da mənə kömək etmədi. Dedi ki, Bakı ətrafında boş yerimiz olmadığına görə yerləşdirə bilmirik. Ağdam Rayon İcra Hakimiyyətinə yazıram. Bildirirlər ki, Sabunçu Rayon İcra Hakimiyyəti sizi yerlə təmin etməlidir. Sabunçu Rayon İcra Hakimiyyəti isə deyir ki, boş yerimiz yoxdur. Beləcə ötür-ötür oyununa qalmışıq, indi üzü yaza gedir. 1 ay sonra evdən çıxmalıyam. Qızım xəstədir, müalicə olunması üçün Ağdan Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqova müraciət etmişəm. Hələlik cavab gözləyirəm".

Ayda cəmi 20 manat sosial müavinət alan Lətafət xanım qızının təhsilindən narahatdır : "Boşananda məhkəmə qızıma aliment ödənilməsi barədə qərar çıxarılsa da, mümkün olmadı. Gedib baxdılar, gördülər ki, atasının özünün köməyə ehtiyacı var, nəyi var ki, qızına da nə versin? İndi uşağım çörək tapa bilmir, qalmağa yeri yoxdur. Bunları gördükcə ürəyim qan ağlayır. Əgər qızım olmasaydı, çoxdan intihar etmişdim. Amma məndən sonra qızım necə olacaq. Ona kim sahib çıxacaq, bunu fikirləşib əl saxlayıram. Onu oxutmaq istəyirəm, ancaq bu gedişlə mümkün deyil. Heç bir istəyim yoxdur, məni müvəqqəti də olsa yaşayış yeri ilə, işlə təmin etsinlər qızımı böyüdüm, oxutdurum. Qoy "Qaçqınkom" gəlib yoxlasın görsün ki, nə vəziyyətdə yaşayırıq".

Elnarə Əlosmanqızı
AzNews.az