Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb.

Bakı metrosunda maşinistlərlə bağlı yenilik

Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a bildirib ki, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır.

Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib: "İlk baxışda, bu yeniləşmə iş qrafikinin adi dəyişikliyi təsirini bağışlasa da, illərlə formalaşmış və yeni istismar şəraitində özünü doğrultmayan mövcud sistemi əvəzləyərək təfəkkür dəyişikliyinə gətirib. Bu da öz növbəsində psixoloji sədləri aradan qaldıran, əmək məhsuldarlığını artıran əsas amildir. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır".

N.Paşayev bildirib ki, keçmiş sovet məkanında bu sahədə ilk dəfə tamamilə fərqli düşüncə tərzinin tətbiqinə məhz “Bakı Metropoliteni” QSC-də başlanılıb: "Yeni iş rejimi şəraitində daha bir əhəmiyyətli addım maşinist köməkçiləri vəzifələrinin ləğvidir. Yeni texnologiyaların tətbiqi, ələlxüsus sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv idarəçiliyə keçid, eləcə də gələcəkdə avtoidarəetmə sistemlərinin nəzərdə tutulması bu vəzifəyə ehtiyac olmayacağını əyani göstərir. Eyni zamanda, maşinistin işini tənzimləyən müvafiq təlimat və digər normativ aktlar da bunu tələb edir. Təcrübə və araşdırmalar göstərir ki, maşinistin köməkçisiz, həm də tək işləməsi özünü nəinki tam doğruldur, həm də daha effektiv və iqtisadi səmərəli, ən əsası, təhlükəsizliyin təminatı baxımından mütərəqqi addımdır. Bu məqsədlə də dünyanın ən aparıcı metropolitenlərinin, həmçinin iş prinsipləri baxımından Bakı metropoliteninə yaxın olan postsovet məkanı ölkələrinin təcrübəsi öyrənilib. Əksər metropolitenlərdə maşinist köməkçisi vəzifəsi ləğv edilib".

N.Paşayevin sözlərinə görə, bütün proseslərin çevik həyata keçirilməsi məqsədi ilə “Bakı Metropoliteni” QSC-də hərəkət qatarlarının istismarı üzrə iş departamenti yaradılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin