Qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 11 ayı üzrə respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması halları ilə bağlı hesabatını açıqlayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 2017-ci ilin 11 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılaraq onlardan 145 ov tüfəngi, 601 patron, 69 ədəd quş və heyvan götürülüb. Qanun pozucuları barəsində protokollar tərtib edilərək 131 nəfərə 133793 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 34 fakt üzrə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 17 fakt aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.