Kocaeli Universitetində Xocalı qurbanları anıldı

Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin Kocaeli Universitetinin birgə təşkilatçılığı ilə martın 1-də universitetdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki,

Universitetin tələbəsi Fidan Nağıyevanın aparıcılığı ilə keçirilən tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırımı kimi tanındığını, qanlı cinayətə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran F.Nağıyeva bu istiqamətdə davam etdirilən işlərdən söz açıb, qətliamın acı nəticələrini diqqətə çatdırıb.

Dekan Halis Aygün Kocaeli Universitetində Xocalı soyqırımına dair tədbirin təşkil olunmasını yüksək dəyərləndirərək qeyd edib ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı hər birimizin əməli işi üçün örnəkdir. O bildirib ki, XX əsrin sonlarında törədilən Xocalı soyqırımının təfərrüatını bilmək və yaşatmaq gələcək təhlükəsiz həyatımızın əsasıdır.

Sonra tədqiqatçı yazıçı Mətin Yıldırım məruzə ilə çıxış edib. Uydurma “erməni məsələsi”nin siyasi gündəmə gətirilməsi və saxta “Böyük Ermənistan” iddiasının siyasi səbəbləri, bu məsələlərdən Türkiyə dövlətinə qarşı təzyiq kimi istifadə olunması, ermənilərin Osmanlı dövlətinə xəyanəti, silahlı üsyanları, həyata keçirdikləri çoxsaylı terror aktları kimi mühüm tarixi məqamlara toxunan məruzəçi Xocalı soyqırımının səbəb və məqsədlərindən danışıb. Diqqətə çatdırıb ki, Xocalı soyqırımı Azərbaycana qarşı əsassız ərazi iddialarını gerçəkləşdirmək üçün məqsədli şəkildə həyata keçirilmiş bəşəri cinayətdir. Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması beynəlxalq hüquqa və humanizm prinsiplərinə ziddir. Bu acı həqiqətə biganəlik dünyadakı ikili standartların göstəricisidir.

Məruzəçi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun səkkiz dildə nəşr olunan “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” əsəri barədə ətraflı məlumat verib, kitabı universitetin kitabxanasına hədiyyə edib.

Mətin Yıldırım və digər yazıçılar saxta “erməni məsələsi”ndən bəhs edən əsərlərini avtoqrafla tələbələrə bağışlayıblar.

Tələbələr Vətənə məhəbbət mövzusunda şeirlər söyləyiblər.