Azərbaycanda bəzi təhsil müəssisəsi rəhbərləri cəzalandırılıb

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan bəzi təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib



Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb.

Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndinə əsasən məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub. Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib.
Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə kollec rəhbərliyi tərəfindən xəbərdarlıq edilib.
Ümumilikdə fevralda "Qaynar xətt"ə 715 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.
Fevral ayında "Qaynar xətt" xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 66 şikayət qəbul edilib. Ümumi təhsil müəssisələri ilə əlaqədar Bakıdan 33, Sumqayıtdan 3, Gəncədən 1, Mingəçevirdən 1, Abşeron rayonundan 6, Biləsuvar, Qəbələ, Xaçmaz, Samux, Zərdab, Lənkəran rayonlarının hər birindən 2, Qusar, Şəki, Neftçala, Cəbrayıl, Gədəbəy, Küdəmir, Göyçay, Ağdam, Cəlilabad, Daşkəsən rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, müxtəlif məqsədlər üçün pul tələb olunması, məktəb rəhbərlərinin idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib.

AzNews.az