ANS Eynulla Fətullayevin statusunu “like” etdi

Əziz Rzazadə

Vaşinqton. ABŞ paytaxtının boz binalarından biri. NDİ baş ofisi. Dəyirmi masa arxasında iki adam oturub. Qayət məxfi söhbət edir. Kök, güclə nəfəs alan adamlardan biri siqarını tüstülədə-tüstülədə acıqlı halda danışır.

– Qulaq as, Con, Azərbaycanla olan problemə son qoyulmalıdır.

– No problem, ser.

– Nə təklif edirsiniz?

– Bu ölkədə etibarlı dayaqlarımız var. Gənclərdən ibarət bir neçə qrup yaratmışıq. Məsələn, N!DA.

– Nə etmək fikriniz var?

– "Facebook inqilabı" əməliyyatına başlayırıq, ser. Lazımı vəsait artıq hesaba köçürülüb. Bakı ofisinin rəhbəri Aleks Qriqoryevs 1 milyon 963 min 871 dolar vəsaiti bankdan çıxararaq ünvanına çatdırıb.

– Əməliyyata nə zaman başlamaq fikriniz var?..

...Beləliklə, Azərbaycanda gələcək "Facebook inqilabı"nın təfərrüatları açıqlanır. Həmin vaxt dəyirmi masanın altında Eynulla Fətullayevin varlığından hər iki şəxsin xəbəri yoxdur. Masaya sərilmiş zərbafta süfrənin altında çömbəlib oturmuş adam NDİ baş ofisində, direktorun kabinetində aparılan qayət məxfi söhbətin ən incə məqamlarını tələsik noutbukuna köçürür. Azərbaycanın "007"-si faş etdiyi məlumatları cəld öz saytına yerləşdirir...

Ssenari təxminən belə olmalıdır. Bir azca bəzək vursaq Azərbaycan sayağı Ceyms Bond filmi alınar. İdeyanı indidən satıram. Vahid Mustafayevə isə bu cür ssenarini müftə verərəm. Onun zövqünə və marağına uyğun gələndir. Buna yüzə-yüz əminəm. Əks halda bir vaxtlar ANS-də "Bədbəxt adam" filmi ilə hədəf seçdikləri Eynulla Fətullayevi bu gün "Facebook inqilabı" məsələsində istinad mənbəyi seçməzdilər.

Hərdən düşünürəm ki, deyəsən, bu adamlar bizi yaddaşı qısır hesab edirlər. Ya da lap gic yerinə qoyurlar. Fikir verin, "Bədbəx adam" filmində Eynulla Fətullayevi ANS-çilər nədə damğalayırdılar? Xocalı qırğınını guya azərbaycanlıların törətdiyini iddia etdiyinə görə. Bəs ANS bu gün nəyi özünə bayraq edib? "Xoca" filmini. İndi sual olunur: bu adamların ümumiyyətlə hansısa sabit prinsipi varmı? "Bədbəxt" dedikləri və sözünü yalan çıxardıqları adama bu gün hansı üzlə istinad edirlər? Niyə bir iddiasında Eynulla Fətullayevi qınayanlar indi heç bir isbatı olmayan başqa bir məsələdə onu mötəbər qaynaq seçiblər? Niyə "Facebook inqilabı" ilə bağlı hazırkı iddia əsassız, dəlilsiz, açıq deyək, növbəti yalan sayılmır? Yoxsa Vaşinqtonda, NDİ baş ofisində, direktorun kabinetindəki dəyirmi masanın altında Eynulla Fətullayevlə bərabər ANS-çilər də varmış? Bəlkə elə açıq-aşkar etiraf eləsələr yaxşıdır ki, Eynulla Fətullayevlə məqsədimiz-məramımız əvvəldən bir olub? Axı hər halda o da "ANS məktəbi" keçib...

Bütün bunları düşüncə ələyindən keçirəndən sonra kimə "Bədbəx adam" deyəsən...

Hərdən bunu da düşünürəm ki, deyəsən, bu gün facebook və tweeter-ə qənim kəsilənlər zamanın hansı çağında yaşadıqlarını tam unudublar. Ya da yaxın aqibətləri onları əməlli-başlı karıxdırıb, sözü beyin dəyirmanında üyütmədən çölə çıxarırlar. Fikir verin, Facebook-a qarşı nə cür ittihamlar səsləndirilir, istifadəçilərə nəyi əyan edirlər. Şəxsən mən buna da yüzə-yüz əminəm ki, əgər biz XIX əsrdə deyil, ibtidai çağlarda, yaxud tutalım orta əsrlərdə yaşasaydıq və bu gün beynəlxalq "hörümçək toru" əvəzinə, göyərçin poçtundan istifadə edilsəydi, məktublaşma vasitəsi olan qumruları ən azı Azərbaycanı "quş qripi" yoluxdurmaqda ittihamlayardılar. Bir daha vurğulayıram ən azı...

P.S. Sevinc Osmanqızı "Hesabat"dakı reportajda bir ifadə işlətdi: "Öz tarlasında buğda əkmək əvəzinə, onu özgə bostanında əkmək istəyən fermer..." Bənzətmə NDİ haqqında idi... Sevinc Osmanqızına xatırlatma: buğda bostan bitkisi deyil. Fermer, lap NDİ olsa belə, bostanda xiyar, badımcan əkə bilər...