Miqrasiya prosesinin vahid məlumat bazası yaradılıb

Azərbaycan Miqrasiya Mərkəzi yeni layihəyə start verdi



Bu gün Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyində Şərqi Avropa ölkələrində, o cümlədən Azərbaycanda miqrasiya problemlərinin öyrənilməsilə bağlı olan layihənin təqdimat mərasimi keçirilib. Avropa İttifaqının da dəstəyi ilə reallaşdırılan layihə Belorus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı da əhatə edir. CARIM- East adlandırılan layihənin təqdimat mərasimində layihənin müxtəlif istiqamətlər üzrə rəhbərləri Zuzanna Brunarska və Sergo Mananaşvili, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və mətbuat təmsilçiləri iştirak edib.

AMM-nin rəhbəri Əlövsət Əliyev bildirib ki, layihədə hər bir ölkə üzrə müxtəlif istiqamətlərdə tədqiqatlara geniş yer verilib: "Məqsəd Avropada miqrasiya məsələləri ilə bağlı tədqiqatı həyata keçirməkdir. Hər bir istiqamət üzrə ekspertlər seçilib və mən Azərbaycanda miqrasiya sahəsində qanunvericilik modulu üzrə məlumatları araşdırmışam. Qanunvericilik, demoqrafik istiqamət və statistikanı əhatə edən məlumatların vahid məlumat bazası yaradılıb". Qanunvericiliklə bağlı araşdırmaların nəticələrini təqdim edən Ə. Əliyevin sözlərinə görə, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına qoşularaq qanunvericiliyi buna uyğunlaşdırsa da, müəyyən problemlər qalmaqdadır: "Əmək bazarının əcnəbilərdən qorunması faktiki olaraq mümkün deyil. Çünki başqa ölkələrdən fərqli olaraq əcnəbi Azərbaycana gəldikdən və bəzən burada hətta işə başladıqdan sonra icazə üçün müvafiq qurumlara müraciət edir".


Ölkəmizdə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qanunsuz miqrantların saxlanıldığı yerlərə gedə bilmədiyini deyən mərkəz rəhbəri başqa ölkələrlə ikitərəfli müqavilələrin olmamasının da çətinliklər yaratdığını vurğulayıb. Ə. Əliyevin sözlərindən aydın olub ki, hazırda Rusiyada yaşayan 1,5 milyon azərbaycanlının müəyyən hissəsi tikintidə işləsələr də, belə müqavilənin olmaması səbəbindən böyük risk altında qalaraq əmək istismarının qurbanına çevrilirlər.


Layihənin müxtəlif modullar üzrə təqdimatını aparan S. Bruneska və G.Mananaşvili, statistik istiqamət üzrə ekspert Arif Yunus isə dövlət orqanları ilə əməkdaşlığın bir çox hallarda mümkün olmadığını, rəsmi mövqeyin əldə edilməsinin çətinlik törətdiyini vurğulayıb. Ə. Əliyevin sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin saytında bir çox məlumatları əldə etmək mümkün olsa da, vətəndaşlıq almaq üçün müraciət edən və ya vətəndaşlıq verilən şəxslərin sayı açıqlanmır.

Elnarə Əlosmanqızı
AzNews.az