30 yaşlı qız döyüldüyü üçün evdən qaçdı

Ailə üzvləri tərəfindən zorakılığa məruz qalan 30 yaşlı qız evdən qaçıb. Hadisə Şəkidə baş verib və 1983-cü il doğumlu qız zorakılıqdan yaxa qurtarmaq üçün Bakıya üz tutub.

"Təmiz Dünya" İctimai Birliyindən AzNews.az-a verilən məlumata görə, kömək üçün birliyə müraciət edən qız anası, atası və qardaşı daxil olmaqla bütün ailə üzvləri tərəfindən zorakılığa məruz qaldığını bildirib:

"Bir həftə müddətində ona lazımı köməklik göstərilib. İlk vaxtlarda ailəsi ilə əlaqə yaradılmasını istəmirdi. Buna görə də sığınacağa yerləşdirildi. Bir həftə müddətində sığınacaqda qaldıqdan sonra ailəsi ilə əlaqə yaradıldı. Hazırda qız ailəsinə qaytarılıb və onunla mütəmadi olaraq əlaqə saxlayırıq, hələlik heç bir problem yoxdur".

Elnarə Əlosmanqızı
AzNews.az