Azərbaycanı tərk etmək istəyənlərin sayı artıb

Minimum əmək haqqının və digər sosial müavinətlərin azlığı narahatlıq doğurur





2013-cü ilin ilk 3 ayı ərzində müxtəlif səbəblərə görə ölkədən getmək üçün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyindən məsləhət alanların sayı 2003-cü ildən sonra ən yüksək həddə çatıb.

Bu barədə məlumat "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin yaydığı bəyanatında öz əksini tapıb. Bəyanatda bildirilir ki, ölkəni tərk etmək üçün məsləhət istəyənlər arasında müxtəlif qruplardan olanlar var. Belə ki, onların bəzisi siyasi baxışlarına görə təqiblərə məruz qalmasını iddia edən gənclərdir. Bundan başqa mülkiyyət hüququnun pozulduğunu iddia edən müxtəlif yaş hədlərində olan şəxslər də az deyil. Məsləhət üçün müraciət edənlər arasında ümumi olaraq insan hüquq və azadlıqlarının pozulmasından şikayət edənlər, o cümlədən daha yaxşı yaşamaq arzusunda olanlar çoxluq təşkil edir.
Miqrasiya Mərkəzi bəyanatında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədinin olmasını vurğulayıb. Eyni zamanda qeyd edib ki, ölkəmizdə vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var: "Tənqidə görə təqibin qadağan olunmasına baxmayaraq, ölkəmizdə insan hüquqlarının pozulması halları arasında tənqidi fikirlərinə və siyasi fəaliyyətinə görə təqiblər barədə müraciətlər çoxalıb. Minimum əmək haqqının 93.50 AZN, işsizliyə görə müavinətlərin və digər sosial müavinətlərin isə aşağı olması təəssüf və narahatlıq doğurur".

Azərbaycan Miqrasiya Mərkəzi bəyanatında siyasi fəaliyyətinə görə təqibləri, vətəndaşların sosial problemlərinə lazımi diqqətin və əhəmiyyətin verilməməyini, əhalinin aztəminatlı təbəqəsi üçün lazımi proqramların həyata keçirilməməsini pisləyib: "Bu sahədə dövlət orqanlarını məsuliyyətli olmağa və öhdəliklərinə uyğun davranmağa çağırırıq".

Elnarə
AzNews.az