Sabah həkimlər imtahan verəcək

Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə növbəti imtahan sabah keçiriləcək. Sabah imtahanlara 50 nəfər qatılacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Modern.az verdiyi məlumata görə, ötən həftə baş tutan birinci imtahan tam şəffaf keçib.

Nazirlik rəsmisinin sözlərinə görə, ümumi nəticələr hələ ki məlum deyil:

"Çünki sənəd verən 150 nəfərdən 100 nəfərə yaxın həkim birinci qrupdan iştirak edib. Nazirliyin saytında elan olunan 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. İndi 150 nəfər 100 yer uğrunda mübarizə aparır.
İkinci qrupdan isə sabah 50 nəfər imtahanlara qatılacaq. Bütün test imtahanları bitəndən sonra ikinci mərhələ başlayacaq. Bu mərhələ həkimlərlə müsahibə olacaq".

İmtahana fərqli yaş kateqoriyalarında olan həkimlərın qatıldığını deyən Anar Qədirlinin sözlərinə görə, onların arasında gənclərlə yanaşı, 40 yaşında olan həkimlər də var.

Qeyd edək ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

AzNews.az