- Dünyanın halı
- 13:09
- 2 300
Müharibənin sərf etdiyi tərəf: SƏSSİZ, LAKİN TƏSİRLİ...
Çinin, ABŞ-nin İrana qarşı başlatdığı müharibə fonunda həm gərginliyi azaltmağa çalışdığı, həm də sahədəki vəziyyətdən strateji qazanc əldə etməyi hədəflədiyi iddia olunur. “New York Times” qəzetinin yazdığına görə, Pekinin bu “ikiqat strategiyası” Donald Tramp ilə Si Cinpin arasında planlaşdırılan zirvə görüşü öncəsi qlobal güc mübarizəsini daha da mürəkkəbləşdirir.
Çin, İran müharibəsi dərinləşdikcə həm Vaşinqton, həm də Tehran üzərindən strateji üstünlük əldə etməyə çalışır.

“New York Times” qəzetində yer alan təhlilə görə, Pekin bir tərəfdən İranı danışıqlara məcbur edir, digər tərəfdən isə ticarət və dolayı dəstək kanallarını açıq saxlayaraq “ikiqat addım” atır.
Qəzet yazır ki, “Prezident Trampın Pekinə səfəri yaxınlaşdıqca, Çin İranı danışıqlara məcbur edir, eyni zamanda şirkətləri İran ordusu tərəfindən istifadə oluna biləcək malları ixrac etməyə davam edir”.
TRAMP QƏRAR MƏRHƏLƏSİNDƏ, PEKİN STRATEGİYA QURUR
Tramp İran müharibəsi ilə bağlı hansı addımları atacağını müəyyənləşdirməyə çalışarkən, Çin də ortaya çıxacaq nəticədən faydalanmaq üçün öz addımlarını işə salıb.
Pekin rəhbərliyi İran rəsmilərini ABŞ ilə danışıqlara təşviq edir, eyni zamanda şirkətlərinin İrana ticarət dəstəyi verməsinə səssiz şəkildə icazə verir. Bu vəziyyətin mümkün müharibə şəraitində İran ordusuna dolayı dəstək verə biləcəyi qeyd olunur.
ZİRVƏ ÖNCƏSİ KRİTİK GÜNDƏM
İran müharibəsi 14 may tarixində Pekində keçiriləcək Tramp–Si Cinpin zirvəsinin əsas mövzularından biri olacaq.
Rəsmilərə görə, Tramp qlobal bazarları sarsıdan və ABŞ-nin hərbi resurslarını tükədən həll olunmamış bir böhranla Çinə getmək istəmir.
MÜHARİBƏ ÇİN ÜÇÜN AVANTAJDIR, YOXSA RİSK?
Analitiklərə görə, Çin üçün vəziyyət ikitərəflidir:
-
ABŞ-nin Yaxın Şərqdə yeni müharibəyə cəlb olunması Pekin üçün üstünlükdür
-
ABŞ-nin sursat ehtiyatlarının azalması Çinlə mümkün qarşıdurma üçün risk yaradır
-
Vaşinqtonun diqqətinin Asiyadan yayınması Pekinə daha geniş manevr imkanı verir
Lakin digər tərəfdən, artan enerji qiymətləri və ABŞ-nin dəniz blokadası Çin iqtisadiyyatına mənfi təsir edir.

“PEKİN GƏRGİNLİYİ AZALTMAQ İSTƏYİR”
“Stimson Center” analitik mərkəzindən Çin üzrə ekspert Yun Sun bildirib:
“Bəziləri Pekinin İranda uzunmüddətli müharibəni dəstəkləyə biləcəyini düşünsə də, Pekindəki rəsmi siyasət əslində gərginliyin azaldılmasına yönəlib”.
İki iranlı rəsminin sözlərinə görə, Çin və Rusiya Tehranın ABŞ ilə danışıqları davam etdirməsini təşviq edib. ABŞ dövlət katibi Marko Rubio ilə çinli həmkarı Vanq Yi arasında telefon danışığında da müharibə müzakirə olunub.
Vanq Yinin İran, İsrail, Rusiya və Körfəz ölkələri ilə ümumilikdə 26 telefon danışığı apardığı bildirilir.
Rəsmilərə görə, Çin İranın atəşkəsi qəbul etməsində pərdəarxası mühüm rol oynayıb.
“ÇİNDƏN SİLAH GÖNDƏRİLİR” İDDİASI
ABŞ kəşfiyyatı çinli bir şirkətin İrana çiyindən atılan raket göndərməyə çalışdığı barədə məlumat əldə edib. Amerikalı rəsmilər bildirir ki, Çin şirkətləri İrana həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən “ikili təyinatlı” məhsullar təqdim edir.
ABŞ dəniz piyadalarının İran bayraqlı gəmidə ələ keçirdiyi materiallarla bağlı Tramp belə deyib:
“Mən bir az təəccübləndim, çünki Prezident Si ilə çox yaxşı münasibətlərim var və onu başa düşdüyümü düşünürdüm. Amma problem deyil. Müharibə belə olur, deyilmi?”

TRAMP–Sİ XƏTTİNDƏ GƏRGİNLİK ARTIR?
Tramp daha əvvəl Si Cinpinə İrana silah göndərilməməsi üçün məktub yazdığını və onun da “bunu etməyəcəyini” bildirdiyini açıqlamışdı.
Lakin sahədə baş verənlər iki ölkə arasında balansın həssas olduğunu göstərir.
ÇİNDƏN ABŞ-YƏ “MƏSULİYYƏTSİZLİK” İTTİHAMI
Çinin ABŞ-dəki səfirliyinin sözçüsü Liu Penqyu Vaşinqtonun dəniz blokadasını tənqid edərək bildirib:
“Bölgədə təhlükəsizliyin və sabitliyin qorunması, maneəsiz keçidin təmin olunması beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət edir”.
O, ABŞ-nin addımını “təhlükəli və məsuliyyətsiz” adlandıraraq vurğulayıb ki, əsas prioritet istənilən qiymətə münaqişənin yenidən alovlanmasının qarşısını almaqdır.
“İRAN ÇİNƏ DAHA ÇOX YAXINLAŞA BİLƏR”
“Beynəlxalq Böhran Qrupu”ndan analitik Əli Vaez bildirir ki, İranda İnqilab Keşikçiləri daxilində Çinlə daha dərin hərbi əməkdaşlıq çağırışları artır:
“Onlar deyirlər ki, ölkənin bir hissəsini Çinə həvalə etməlidirlər, əks halda Pakistanın çatdığı səviyyəyə çata bilməyəcəklər”.
“Brookings Institution” analitik mərkəzindən Rayan Hass isə Çinin yanaşmasını belə izah edib:
“Pekinin prioritetləri daha praktikdir. Onlar enerji resurslarına etibarlı çıxış və ixrac üçün təhlükəsiz bazarlar istəyirlər. Başqa regionların təhlükəsizlik problemlərini öz problemləri kimi qəbul etmək istəmirlər.”
Mövsüm,
AzNews.az