- Köhnə - Cəmiyyət
- 10 Aprel 2013 10:37
- 2 625
Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu keçiriləcək
"APA-Economics"in məlumatına görə, "Azərsu" ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgi-forumun əsas təşkilatçısı "Iteca Caspian" şirkətidir.
Sərgiyə həsr olunmuş bugünkü mətbuat konfransında layihə rəhbəri Rəşad Qədimov bildirib ki, su texnologiyaları sərgi-forumunun keçirilməsinin aktuallığını Azərbaycan ərazisində həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələr, eləcə də, ölkədə yeni texnologiyaların tətbiqinin perspektivləri, həmçinin sərmayədarların regiona artan marağı ilə əlaqədardır.
Hazırda Azərbaycanda şəhər və rayon mərkəzləri, eləcə də kənd və qəsəbə yaşayış massivlərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşması, Ceyranbatanda ən müasir su təmizləmə qurğularının quraşdırılması və s. layihələr həyata keçirilir. Sərgidə ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunacaq.
Sərgidə 23 ölkədən 79 şirkət iştirak edəcək. İştirakçıların 50%-dən çoxu xarici şirkətlərdir.
Artıq bu sahənin bir sıra aparıcı şirkətləri sərgi-forumda iştirak edəcəklərini bildirib. Bu, "Akkord Azərbaycan", "Hyundai" (Cənubi Koreya), "Herrenknecht AG" (Almaniya), "Krohne" (Almaniya), "Nordic Water-EMO" (İsveçrə), "Nippon Koei" (Yaponiya), "Samsun Makina" (Türkiyə), "Sumqayıt Texnologiyalar Parkı" (Azərbaycan), "Awas" (Almaniya), "DOW" (ABŞ), "Duktus" (Avstriya), "Suez Environment" (Fransa), "Xylem" (İsveç), "Hungarian Water Cluster" (Macarıstan), "PWT" (Almaniya), "Ekoton" (Rusiya), "Grundfos" (Danimarka) və s. şirkətlər var.
"CATEF-2013" sərgisi ilə paralel olaraq "Marriott Absheron" hotelində Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Forumun əsas mövzuları bunlardır: içməli su emalı üzrə innovativ texnologiyalar, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s.
Sözügedən forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, xarici və yerli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlərin təchizini həyata keçirən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə assosiasiyalar və qeyri-hökumət təşkilatları iştirak edəcəklər.
İndiyədək 200-dən çox iştirakçı beynəlxalq forumda akkreditasiyadan keçib.
AzNews.az