“Narkotiklərin tranzitinə qarşı mübarizə gücləndirilib”

Dövlət Komissiyasının sədri: “Azərbaycan narkotiklərin tranzitinə qarşı mübarizəni gücləndirib”

"Bu gün dünyada narkotiklərin tranziti ciddi problem kimi hökumətləri narahat edir. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan da iqtisadi baxımdan inkişaf edir. Paralel olaraq ölkədə yük daşımalarının sayı artır. Azərbaycan tranzit ölkə kimi beynəlxalq iri layihələrdə iştirak edir. Belə vəziyyətdə ölkəyə giriş-çıxış hallarının, gələn turistlərin sayı artır. Bütün bunlar narkobaronlar və narkotik tranzitini həyata keçirən qruplar üçün şərait yaradır. Belə olan təqdirdə onlar yük daşımaları olan ərazidən öz məqsədlər üçün istifadə edirlər. Dünya da bu problemlə qarşı-qarşıyadır".

APA-nın xəbərinə görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Komissiya sədri Azərbaycanın narkotiklərin tranzitinə qarşı öz işini gücləndirdiyini vurğulayıb: "İşimizi elə qurmuşuq və müvafiq qurumlar elə səfərbər olunub ki, tranzit yük daşımalar zamanı narkotiklərin keçirilmə imkanları maksimim dərəcədə məhdudlaşdırılıb".

Baş nazirin müavini buna baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu xatırladaraq qeyd edib ki, narkotiklərin tranziti prosesi həmin ərazilərdən də həyata keçirilir.

Narkotiklərin daha çox İrandan Azərbaycana tranziti barədə suala cavabında Ə. Həsənov qeyd edib ki, burada məsələnin məğzi narkotiklərin İrandan Azərbaycana keçirilməsi deyil, İranın da tranzit ölkə kimi istifadə olunmasıdır: "Çünki Əfqanıstandan narkotiklər böyük partiya ilə İrana daxil olur və əgər narkotik daxil olubsa, deməli ölkədən də çıxmalıdır".

AzNews.az