"Onlar iki qardaş idi. Birinin adı Rüstəm idi, o birinin adı Maqsud..." "Onlar iki qardaş idi. Birinin adı Rüstəm idi, o birinin adı Maqsud..."

Mirşahin İbrahimbəyov qardaşlarından danışır - VİDEO

"Onlar iki qardaş idi. Birinin adı Rüstəm idi, o birinin adı Maqsud..."


Bu həftə Milli Şuranın prezidentliyə vahid namizədi barədə çox danışıldı. Bu söz-söhbətlər hələ ki, bir mənzil başı vəd etmir. Dil var əl yoxdur, bu quruma daxil olan siyasi fiqurların hər birinin nəzəri cəhətdən eyni müvəffəqiyyətlə namizəd ola bilməsi ehtimalı son qərarın tapılmasını çətinləşdirir. Məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun adı hələ ki ən çox hallandırılandır.

Qeyd edək ki, Rüstəmin qardaşı, məşhur yazıçı Maqsud İbrahimbəyov artıq öz seçimini edib. O İlham Əliyevin tərəfindədir. Görünür məsələ qardaşlıqda deyil, silahdaşlıqdadır.

Onlar iki qardaş idi. Birinin adı Rüstəm idi, o birinin adı Maqsud. Bir-birlərini bacardıqları kimi sevirdilər. Elə vətənə də, millətə də sevgiləri özünə məxsus idi. Zahirən nə qədər bənzəsələr də, daxilən bir o qədər fərqli idilər. İnsafən qardaşların hər ikisi istedadlı idi. İşləyirdilər, qan-tər tökürdülər. Onlar böyük bir arı ailəsi ətrafında birləşmişdilər. Bu ailə gecə-gündüz işləyir, pətəyə bal daşıyırdı. Bal şirin, arı iynəsi isə acı idi, ələlxüsus da sancanda.

Bir ailənin bu iki bənzərsiz üzvünü pətək ətrafında hamı tanıyırdı. Qardaşların içində bir Kislovodsk sevgisi də var idi. Hər iki qardaşdan ötrü Kislovodsk ilk növbədə bir məbəd idi, hava məbədi, Xram Vozduxa. Doğrudur Xram Vozduxa-Hava məbədi hərfi mənada hava bacası demək idi və bunu rus memarları binanın yaxşı nəfəs alması üçün düşünmüşdülər, amma bu bacadan hər iki qardaşın özünəməxsus baxışları var idi. Biri oğrun baxırdı. Biri isə açıq. Baxdıqları hamam günbəzi də ola bilərdi. Erməni müğənninin boğazında cəh-cəh vuran Madam tutuquşu da. Ortaya qəflətən bir gözəl qız çıxdı. Bu qız öz qəşəng əndamı, ehtiraslı vücüdü ilə hər bir kişini dəli edə biləcək həddə idi. Vaxt gələcəkdi. Qardaşlardan biri o qızı naməlum bir fransız kişiyə ərə verməyə, o biri isə özü almağa belə hazır olacaqdı. Bir qardaş qara kürü dalınca qaçıb polis təqibi ilə rastlaşdı, o biri isə qardaşını qurtarmaq üçün prokurora ağız açdı. Qonum qonşu heyrət içində idi. Axı necə ola bilərdi ki, bir ailədən iki bir birinə bənzəməyən belə qardaş çıxsın. Uşaqlıqda gördüyü bir gözəlliyin çılpaq xatirəsinin ardına düşüb böyüyən, anasına gəzəyən dediyi bu qızı Xan Sarayına bələdçi düzəldən qardaş əslində bu şıltaq, nəfəsin özü kimi çəkici varlıqdan qaçmaq üçün hətta özü ilə müharibə edirdi.

Qardaşların eyni həyətdə, eyni mənzildə yaşaması onları böyük bir qapı gerçəkliyi ilə üz-üzə qoymuşdu. Bu qapıdan girən hər nə var idisə, onları ayırırdı. Amma bu qardaşlardan hər biri üçün o biri qardaşdan yaxşı qardaş yox idi. Ana hər iki övladı üçün Kislovodskun simasında cənnət tapmışdı. Elə vəfat edəndə də övladları onu o dünyada Kislovodska, cənnətə düşəcəyinə inandırırdılar.

Arı ailəsi isə öz işində idi.

Hər gün pətəyə minlərlə uçuşdan sonra daşıdıqları nektarı bala çevirir və yeni uçuşlara pərvazlanırdılar.

Qardaşlardan birinin ayaqları torpaqdan tok alırdı. Hər dəfə özünü itirmək təhlükəsi hiss edəndə o torpaqla kontakta daxil olur, torpağın verdiyi gücü enerjiyə çevirir və içinə işıq çəkirdi.

O biri qardaş isə daha praqmatik, daha az romantik idi. O qazanmaq üçün itirməyə hazır olanlardan idi. Amma qardaşı kimi vaxt yox, güc yox, enerji yox. O elə şeyləri itirməyə hazır idi ki, onlara görə hətta qardaşını belə itirə bilərdi. Arı ailəsi isə öz işində idi. Arı ailəsi isə çalışır, vuruşur, təkcə bir arı hər gün dörd mindən artıq uçuş edir, 10 mindən artıq gülün şirəsini çəkib, pətəyə xidmət edirdi.

Heç demə qardaşlardan biri dildə fahişə hesab etdiyi qadının pis əxlaqlı qızına altdan altdan heyran imiş. Anası ilə hamama gedəndə gənc bir qızın çılpaq dizləri arasında çimdiyini, bu qızın vücudunu sonradan da heç cür unuda bilməyən qardaş eyni zamanda fahişə hesab etdiyi qadının pis gəzən qızında öz ilk məhəbbətinə bənzər müqəddəs cizgilər tapmışdı.

Onların harama, halala baxışı da fərqli idi. Dünyanın bütün pullarını qazanmağın mümkün olmadığı, halal qazancın şirinliyi barədə bir qardaşın danışdığı nağıllar o biri qardaşın dolanışıq üçün, yaxşı qazanmaq üçün atdığı həqiqi addımların altında qalırdı. Ona görə də bir arı ailəsinin həyətində barı ucaltdı, divar qalxdı. Arı ailəsinin yerləşdiyi həyət həm kabab, həm tut arağı, həm də çiçək qoxusu verən laborotoriyaya çevrildi. Və iş elə gətirdi ki, günlərin bir günü bir qardaş o biri qardaşın fahişə hesab etdiyi qadının qızına, o qızına ki, qardaşı özü də altdan altdan göz qoyurdu evləndi və bu toy da elə ortasından divar qalxan bu həyətdə oldu.

Dünyanın ən halal və ən şirin nemətini qazanmaq üçün iynəsinin ucunda çalışırdı, demək olar ki, gor qazırdı. Qardaşının toyuna sevinən qardaş isə divarın bu tayında rəqs edirdi. Qəzəbdən, nifrətdən, kindən acıqdan. O, bütün bədəni yox, bütün hikkəsi ilə rəqs edirdi, bizim hətta görmədiyimiz belə orqanlar da daxil olmaqla bədənini həm fərdi, həm kollektiv şəkildə oynadan qardaş Allahın qəzəbinə gəldi. O qardaşının onun ocağına gətirdiyi yeni davranış tərzinin, tut arağının, kababın, qeyrət, namus deyilən dəyərləri adicə bir kompleks hesab etməsinin, hər halda nəyinsə güdazına getdi, O üzünü arı ailəsinə tutdu, nifrətini ona çırpdı. Arı ailəsi ayağa qalxdı. Bu bir hərəkat idi. Bu hərəkatda dünyanın ən şirin nifrəti və ən şirin ağrıları var idi. Birdən birə yüz minlərlə, milyonlarla arının iynəsinə tuş gələn və yerə yıxılan bu qardaşın yaddaşının ən ucqar küncündə bir zamanlar müqəddəs saydığı qardaşının uşaqlıq kölgəsi qalmışdı və o körpə cocuq kölgəsi indi onun ardınca düşmüşdü, çağırırdı, çağırırdı, çağırırdı. Qardaş isə eşitmirdi, eşitmirdi, eşitmirdi. Habil Qabil zamanından qalma qardaş qırğınına müdaxilə etməklə ağır itkilərə məruz qalmış arı ailəsi isə öz qurbanının üzərində oturub iynəsi batandan sonra özü də ölmüş arılarını sayırdı. Salamat qalmış arılar isə üzərinə qonduqları bu məxluqun çiçəyə oxşamadığını getdicə daha dərindən anlayırdılar. Onların çəkmək istədiyi şirə deyildi. Qan idi. onları qan çəkirdi. O qan ki, bu qardaşın bədənini pətəyə. Ruhunu isə Kislovodska çəkirdi. Bəlkə də tərsinə olmalıydı. Burada qardaşların adının nə, kim olması vacib deyil. Onların adı təsadüfən Maqsud da, Rüstəm də ola bilərdi. Və onlardan birindən yaxşı qardaş yox idi. //anspress//




AzNews.az