VİP sədrindən kəskin açıqlamalar

"Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyəti həyata keçirənlərin başları sığallanmalıdır?"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin son açıqlamaları müəyyən çevrələrin ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, Ə.Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təhdid altına salmağa cəhd edən şəxslər dərhal həbs olunmalıdır: "Belə faktlar varsa və Eldar Namazov da Moskvaya Azərbaycan dövlətçiliyinin əleyhinə çevrilmiş təlimatlar alınması ilə bağlı gedibsə, o da həbs olunmalıdır".
Partiyadan AzNews.az-a daxil olan məlumatda qeyd edilir ki, Ə.Əliyevin bu fikirləri Milli Şuranın birmənalı qaydada Rusiyanın Azərbaycana qarşı yönəlmiş siyasi layihəsi kimi qəbul edilməsi və o çərçivədə daxili siyasi mübarizədə ölkəmiz əleyhinə fəaliyyətin mümkünlüyü kontekstində səsləndirib.

Bəyanatda bildirilir ki, VİP sədrinin bu açıqlamasına Milli Şurada bir araya gələn siyasi təşkilatlar, eyni zamanda, onların mətbuatın peşəkarlıq prinsiplərinə riayət etməyən media-ruporları Ə.Əliyevi hədəfə götürmək üçün növbəyə düzülüblər: "Bəzi nəşrlər Ə.Əliyevə qarşı böhtan kampaniyası aparmaqla, Rusiyadan idarə olunan Milli Şuranın timsalında Azərbaycanın milli maraqları əleyhinə çevirdikləri fəaliyyəti pərdələyə biləcəklərini düşünürlər. Bu çevrələr bəlkə hesab edirlər ki, Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyəti həyata keçirənlərin başları sığallanmalıdır? Milli Şurada siyasi-kommersiya maraqlarını əsas götürüb Rusiyanın projesində rol alanların məhz belə düşündüklərinə qətiyyən təəccüblənmirik".

VİP bəyan edir ki, Azərbaycan dövlətçiliyini təhdid edən istənilən fəaliyyətə qarşı mübarizə aparmaq əzmindədirlər: "VİP Milli Şurada toplanmış qüvvələrdən fərqli olaraq, problemlərin Azərbaycan dövlətçiliyinin təhlükə altına salınması hesabına həllinin tərəfdarı deyil. "Öncə Vətən və Millət" prinsipini hər zaman rəhbər tutan VİP bu mövqeyindən geri çəkilməyəcək".

AzNews.az