Siyasi Şərhçi: Qərb Ölkələri Ukrayna Məsələsində Ortaq Yol Tapa Bilmir

“Son vaxtlar Ukrayna müharibəsi ilə bağlı yayılan bəzi məlumatlar, xüsusilə də rəsmi mənbələr tərəfindən təsdiqlənməyən iddialar, informasiya mühitində geniş yayılmaqda və ictimai rəyə təsir göstərməkdədir. Bu kimi böhranlı və konfliktli vəziyyətlərdə kütləvi informasiya vasitələrinin yaydığı hər bir xəbər cəmiyyətin mövcud hadisələrə münasibətinin formalaşmasında mühüm rol oynayır. Lakin yayılan məlumatların çoxu, xüsusilə də rəsmi təsdiq olmadıqda, dezinformasiya xarakteri daşıya bilər və bu da ictimai şüurun yanlış istiqamətə yönləndirilməsinə səbəb olur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyan koalisiya planını dəstəkləyib. Bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb. Mayın 10-da Kiyevdə keçirilən görüşdə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri münaqişənin həlli ilə bağlı təklifləri müzakirə ediblər. Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron görüş zamanı Trampa zəng edərək onu proses barədə məlumatlandırıb və ABŞ lideri Avropanın təşəbbüsünü dəstəkləyəcəyini bildirib. Ukrayna hakimiyyəti mayın 12-dən etibarən 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib. Qərb ölkələri isə Moskva atəşkəsi pozacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini açıqlayıb.

Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə xüsusilə ABŞ və Avropa İttifaqının Ukrayna müharibəsinə yanaşmasında müəyyən fikir ayrılıqları müşahidə olunur.

“Vaşinqtonun mövqeyi daha çox müharibənin sona çatdırılması və danışıqlar masasına qayıdılması üzərində cəmlənib. ABŞ üçün prioritet, müharibədən sonra Ukraynaya investisiya yatırmaq və diqqətini Yaxın Şərqə yönəltməkdir. Rusiya ilə münasibətlərin müəyyən qədər normallaşdırılması da Vaşinqton üçün strateji maraq kəsb edə bilər. Buna qarşılıq olaraq, Avropa dövlətləri – xüsusilə Rusiya ilə qonşu olan ölkələr – müharibənin bitməsi ilə Rusiyanın psixoloji və strateji üstünlük qazanmasından ehtiyat edirlər. Onlar hesab edirlər ki, əgər müharibə bu mərhələdə dayansa, Rusiya müəyyən ərazi qazancı ilə yanaşı, Avropa üçün gələcəkdə daha böyük təhlükə mənbəyinə çevrilə bilər. Bu səbəbdən Avropa ölkələri Ukraynaya dəstəyi artırmaqla ABŞ-ın danışıqlara yönəlmiş cəhdlərinə müəyyən mənada əngəl yaradır və müharibənin davam etməsini zəruri hesab edirlər”.

Siyasi şərhçi əlavə edib ki, hazırda Brüssel, Berlin və Parisin mövqeyi Vaşinqtonun mövqeyi ilə tam şəkildə üst-üstə düşmür:

“Bu da ABŞ və Avropa İttifaqı arasında siyasi narazılıqların getdikcə artmasına səbəb olur. Eyni zamanda, bu prosesdə Türkiyə də fərqli yanaşmaları ilə öz mövqeyini formalaşdırır və Avropa ilə münasibətlərində fikir ayrılıqları yaşanır. Sanksiyalar məsələsinə gəldikdə isə, həm ABŞ, həm də Avropa Rusiyaya qarşı təzyiqləri artırmaq niyyətindədir. Lakin bu təzyiqlərin məqsədi fərqlidir. ABŞ sanksiyalarla Rusiyanı danışıqlara məcbur etməyə çalışırsa, Avropa Rusiyaya sanksiyalar tətbiq etməklə Ukraynanın əlini gücləndirməyə və ona dəstəyini hiss etdirməyə çalışır. Bu fərqliliklərə baxmayaraq, hər iki tərəfin metod və vasitələri oxşardır – əsas alət kimi iqtisadi təzyiqlərdən istifadə olunur. Nəticə etibarilə, Qərb daxilindəki bu fikir ayrılıqları Ukrayna müharibəsinin gələcək istiqamətini müəyyən edən əsas amillərdən biri olaraq qalır. Gələcəkdə bu ziddiyyətlərin daha da dərinləşməsi və Qərbin vahid mövqedən uzaqlaşması istisna olunmur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az