“Bundan sonra Misir üçün daha çətin olacaq”


Deputat Qənirə Paşayeva Misirdə baş verən hərbi çevrilişlə bağlı fikirlərini paylaşıb.

AzNews.az-ın məlumatına görə, xanım parlamentari deyib ki, bundan sonra Misir üçün daha çətin olacaq: "Misir inqilabından bir müddət öncə bu ölkədə səfərdə olmuşdum. Həmin zaman və inqilabdan sonra yazdığım və paylaşdığım bəzi proqnozlar özünü doğrultdu. "Nə baş verir?" sualına daha dəqiq cavab tapmaq istəyənlərin ən azı bir-iki dəfə Misirdə olması və bu ölkəni yaxından tanıması lazımdır".

Deputat baş verənlərdən Misirin sadə xalqının çox böyük əziyyətlər çəkməyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, dünən gecə Misir ordusu prezident Mursinin səlahiyyətlərini əlindən alaraq, onu həbs edib. Hazırda prezidentin səaliyyətlərini Konstitusiya Məhkəməsinin sədri icra edir. Mursinin isə harada olduğu bilinmir.

Anar
AzNews.az