Azərbaycanda pilotsuz metro qatarları olacaq

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasında qatarların hərəkəti üçün nəzərdə tutulmuş stansiya yolu platformadan xüsusi şüşə təbəqə ilə ayrılacaq.

Metropolitendən "APA-Economics"ə verilən məlumata görə, platformada təhlükəsizlik qapıları adlandırılan bu qapılar stansiyanı qapalı tipli edəcək və bununla da sərnişin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Bu, metropolitendə ilk dəfə platformanın mikroiqlim şəraitinin yaxşılaşdırılmasını da təmin etməyə kömək edəcək. Burada havalandırma və kondisionerləşdirilmə olacaq. Bundan əlavə, platformada səsli elanların daha keyfiyyətlə və aydın səslənməsinə şərait yaranacaq. Qatarın yaratdığı səs-küy minimum həddə endiriləcək, tuneldən gələn hava təzyiqinin qarşısı alınacaq. Bununla həm də qatarların hərəkət intervalının yaxşılaşdırılması mümkün olacaq. Bu isə gələcəkdə hərəkət edən qatarların pilotsuz hərəkətini təmin etməyə imkan verəcək.

Xatırladaq ki, metropolitenin "Avtovağzal" stansiyası təxminən 1 ilə təhvil veriləcək. Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.

AzNews.az