Magistraturaya boş qalan yerlərin sayı açıqlandı

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinin sayı açıqlandı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a açıqlamasında deyib ki, ali məktəblərin magistraturalarına ümumilikdə 5765 nəfər qəbul olub. Lakin onlardan 4943 nəfəri daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib.

Bakalavrların qeydiyyatı iyulun 3-dən 12-dək, 10 gün müddətində aparılıb. Həmin müddətdə bakalavrların qeydiyyatdan keçməməsi onların müvafiq ixtisasdan imtinası kimi qiymətləndirilib və onlar qəbul olanların siyahısından xaric edilib. Beləliklə də, qeydiyyatdan keçməyən 822 nəfər öz yerlərini itirmiş hesab olunub.

Qeydiyyatdan keçməyən bakalavrların itirdikləri boş yerlər magistraturaya boş qalan digər yerlərin siyahısına əlavə olunacaq və bu yerlərlə bağlı avqustun əvvəllərində əlavə müsabiqə elan ediləcək. Ümumilikdə magistraturaya 1800-dən çox yer boş qalıb.

Qeyd edək ki, ali məktəblərin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

AzNews.az