Partiya sədri Xədicə İsmayılı “faşist” adlandırdı

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sosial şəbəkədə keçmiş məhbus Emin Millinin ağır təhqirlərinə tuş gələn jurnalist Eynulla Fətullayevin müdafiəsinə qalxıb.

AzNews.az-ın məlumatına görə, F.Mustafa sosial şəbəkədəki hesabında qalmaqala münasibət bildirib. Mübahisəyə qarışmaq istəmədiyini yazan deputat bildirib ki, təhqiramiz status yazan bütün şəxslərin insan olaraq ləyaqət problemi olduğunu düşünür və başqalarını sözün gücü ilə mədəni və səviyyəli üslubda tənqid edərək, haqsızlığını ortaya qoymağa gücü çatmayanların təfəkkür geriliyinin bir nümunəsi hesab edir:

"Jurnalist Eynulla Fətullayevin jurnalist Xədicə İsmayılova və bloqqer Emin Milli tərəfindən təhqir olunmasına yəqin ki, özünün cavab sözü və gücü yetərlidir. Toxunacağım mövzu başqadır. Xədicə İsmayılova yazır ki, Eynulla Fətullayevin yaratdığı saytı oxuyan, müsahibə verən hər kəsin ağlına şübhə ilə yanaşır. Emin Milli isə Eynullanın dostluğunda olanları öz dostluğundan siləcəyi ilə hədələyir. Bunlar həqiqətənmi bu dünyagörüşlə demokratiya uğrunda mübarizə apardıqlarını iddia edirlər? Modern insan hətta düşmən hesab etdiyi şəxslərin görüşlərini oxumalı, onu müzakirə etməli, nəyin doğru, nəyin yalan olduğunu araşdırmalı, münasibətini ortaya qoymalıdır. "Mənim sevmədiyimi oxuyanlar ağılsızdır" deyən zehniyyət, mənim sevmədiyim insanla dost olanlar düşməndir, deyə tələffüz edən bir düşüncə sahibinin Hitlerdən fərqi böyükdürmü? İdeolojı xəstəlik, insan natamamlığı gör bir haraya sürükləyir bunları? Özünüzə heç olmazsa, demokrat deməyin, demokratik hərəkatın təmsilçiləri olduğunuzu iddia etməyin. Deyin ki, bu hakimiyyətin düşməniyik, bu rejimi dəyişmək istəyirik. Ancaq gətirmək istədiyimiz sistemin, düşüncə tərzinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Mən xəbər izləyirəm, sayt oxuyuram, Eynulla Fətullayevi də, hətta insan kimi sayğı duymadığım halda Xədicə İsmayılovanı da, Emin Millini də, bir erməni, bir rus, bir yəhudi yazarını da, saytını da oxuyub, problemin qoyuluşunun doğru və ya yanlış olduğunu təhlil edirəm. Başqa ağlı başında olan hər kəs eyni cür davranır, məncə. Yoxsa sənin sevmədiyin şəxsi və ya saytı hamılıqla inkar etməyə səsləyiş faşizm, bolşevizim, xomeynizm, maoizm və başqa yüz cür "izm"dir, ancaq heç bir halda DEMOKRATİZM deyil".

AzNews.az