Abbas Səhhət adına xəstəxana 2014-cü ildə tam istifadəyə veriləcək

Gəncədə aparılan abadlıq-quruculuq işləri şəhərin səhiyyə ocaqlarından da yan keçməyib.

Belə ki, sovet dönəmində inşa edilən və illərdir əsaslı təmirə ehtiyacı olan Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında yenidənqurma davam etdirilir. Binanın dam örtüyü dəyişdirilib, istilik sisteminin, sanitar qovşağının, elektrik xətlərinin çəkilməsi, qapı və pəncərələrin quraşdırılması başa çatıb.

Xəstəxanda aparılan əsaslı təmir, abadlıq və quruculuq işləri çərcivəsində burada fəaliyyət göstərəcək tibbi personların, eləcə də xəstələrin rahat gediş-gəlişini təmin etmək üçün səhiyyə ocağına bir neçə istiqamətdən liftlərin quraşdırılması da həyata keçirilib.

İş icraçısı Qəzənfər Quliyevin bildirdiyinə görə, səhiyyə ocağının 5 mərtəbəsində təmir işləri yekunlaşmaq üzrədir. Bununla yanaşı, binanın fasad və hasar hissəsi layihəyə uyğun işlənir.

Qəzənfər Quliyev : "O cümlədən döşəmədə üzləmə işləri davam edir. Pilləkənlərdə mərmər tavalar quraşdırılır. Ərazidə mövcud olan yardımçı tikililərdə söküntü və yenidənqurma işləri aparılır. Yolxucu xəstəliklər xəstəxanasında birinci korpusun söküntü işləri yekunlaşdırılır, orada da daxili arakəsmələrin tikintisi, betonlama və dam örtüklərini quraşdırılması davam edir.

Onu da bildirək ki, bir müddət əvvəl tikilən və əsaslı təmir işləri bitdikdən sonra əhalinin istifadəsinə verilən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının Hemodializ şöbəsi hazırda işini normal qaydada davam etdirir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz olunan Hemodializ şöbəsi böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların daha rahat şəkildə müalicə almalarına şərait yaradıb. Çünki bu xəstəlikdən əziyyət çəkənlər xəstəxanalarda yer olmadıqda müalicə məqsədilə paytaxt Bakıya üz tutmalı olurdular.(milli.az)

AzNews.az